Rövzət Qasımov: "Azərbaycanın Seçki Məcəlləsi bəzi ölkələrin Seçki Məcəlləsindən daha təkmildir"
Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin müdiri Rövzət Qasımovun “Report”a müsahibəsi
- Azərbaycanda aprelin 11-nə təyin edilən Prezident seçkilərinə hazırlıqla bağlı vəziyyət necədir?
- Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin hazırlanması ilə bağlı işlərə start verib, bununla bağlı addımlar atılıb. Mərkəzi Seçki Komissiyasının maarifləndirmə ilə bağlı tədbirləri başlayıb. Hazırda MSK Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq addımlar atır. Artıq bir neçə nəfərin Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib, onlar artıq imzatoplama kampaniyası ilə məşğuldurlar. Namizədliyini irəli sürən digər şəxslərin də müraciətlərinə baxılır. Təbii ki, bu şəxslərlə bağlı da müvafiq qərar qəbul olunacaq.
- Növbədənkənar Prezident seçkilərinin elan edilməsi MSK-nın işinə necə təsir etdi?
- Seçki Məcəlləsinin tələbinə əsasən, Mərkəzi Seçki Komissiyası seçkiləri 60 gün müddətində hazırlayıb, həyata keçirir. Seçkinin ilin hansısa fəslində elan olunmasının fərqi yoxdur. Qanunda seçkinin hazırlanıb keçirilməsi üçün 2 ay müddət nəzərdə tutulub. Mərkəzi Seçki Komissiyasının bu seçkilərin keçirilməsində heç bir çətinliyi yoxdur. Mərkəzi Seçki Komissiyası əvvəllər olduğu kimi, bu seçkiləri də Seçki Məcəlləsinə, normativ hüquqi aktlara cavab verən şəkildə standartlara uyğun keçirəcək. Bununla bağlı heç bir çətinliyimiz yoxdur.
- Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi hər il may ayınadək başa çatır. Bu il isə vəziyyət fərqli oldu...
- Hər il Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, yanvardan maya qədər seçici siyahıları dəqiqləşdirilir. Seçici siyahılarının dəqiqləşdirilməsinə bu il də start verildi. Bilirsiz ki, Prezident seçkiləri təyin edildikdən sonra sadəcə olaraq müəyyən hüquqi baxımdan dəyişdirildi. Mərkəzi Seçki Komissiyası seçici siyahılarının dəqiqləşdirilməsini hər zaman davam etdirir. Dairə Seçki Komissiyaları daimi fəaliyyət göstərir, il ərzində onların diqqət mərkəzində saxladığı hallardan biri də seçicilərin hərəkət dinamikasıdır. Həmin hərəkət dinamikası seçicilərinin siyahısının daha dəqiq, dürüst variantının hazırlanmasında yardımçı olur. Əksinə, Prezident seçkilərinin aprelin 11-nə təyin olunması bu prosesin xeyrinə oldu. Yəni, biz başlatdığımız prosesi daha da sürətləndirdik. Seçki Məcəlləsinin tələbinə əsasən, səsvermə gününə 25 gün qalmışa qədər seçici siyahıları dəqiqləşdirilir. Mərkəzi Seçki Komissiyası da seçicilərə bütün imkanı yaradır ki, seçicilər öz məlumatlarını müxtəlif vasitələrlə yoxlamaq imkanı əldə etsinlər. Belə ki, onlar dairə məntəqə seçki komissiyaları ilə yanaşı, Mərkəzi Seçki Komissiyasının internet səhifəsində də öz məlumatlarını yoxlaya bilərlər. Bunun üçün saytda xüsusi axtarış sistemi mövcuddur. Hər bir məntəqə üzrə seçici siyahıları ilə Mərkəzi Seçki Komissiyasının internet səhifəsində tanış ola, həmin seçici siyahıları ilə də öz məlumatlarını dəqiqləşdirə bilərlər. Öz məlumatlarını tapa bilməsələr, o zaman onlayn ərizə formasını doldururlar, təqdim edirlər. Mərkəzi Seçki Komissiyası da həmin ərizəni araşdırır, həmin seçicinin hansı seçki məntəqəsində səsvermə hüququnun reallaşdırmasını müəyyənləşdirdikdən sonra müvafiq addımlar atılır. Bir sözlə, Prezident seçkilərinin təyin edilməsi seçici siyahılarının dəqiqləşdirilməsini intensivləşdirdi.
- Səsvermə prosesini izləmək üçün ümumilikdə seçki məntəqələrində 1000 veb-kamera quraşdırılması nəzərdə tutulur. Bu da seçki məntəqələrinin təxminən 20 faizini əhatə edir. Veb-kameraların sayının artırılması gündəmdədirmi?
- Qeyd etdiyiniz kimi, bu seçkilərdə də səsvermə günü üçün seçki məntəqələrində veb-kameralar quraşdırılacaq. Veb-kameraların sayı yenə də 1000 olacaq, yəni bu proses 1000 məntəqədə həyata keçiriləcək. Artıq bununla bağlı texniki yoxlamalara başlanılıb. Əlbəttə, bu, geniş, əhəmiyyətli layihədir. Bizim bu istiqamətdə kifayət qədər təcrübəmiz var. Bu istiqamətdə addımlar atılır.
- Hazırda Azərbaycanın Seçki Məcəlləsi təkmildirmi?
- 2003-cü ildə qəbul edilən Seçki Məcəlləsinə uğun olaraq gördüyümüz işlərdə heç bir çətinliklə, sualla qarşılaşmamışıq. Əlbəttə, müəyyən müddətlərdə məcəlləyə əlavə və dəyişikliklər edilir, bütün bunlar prosesin təkmilləşməsi ilə bağlı olan haldır. Axı bir proses eyni qaydada dayana bilməz, cəmiyyət inkişaf edir, bunun əsasında da cəmiyyəti tənzimləyən qanunvericilik aktlarına da müəyyən dəyişiklər edilir. Azərbaycanın Seçki Məcəlləsi təkmil, standartlara cavab verən seçkilərin keçirilməsinə şərait yaradır. Azərbaycanın Seçki Məcəlləsi bəzi ölkələrin Seçki Məcəlləsindən daha təkmildir. Biz bunu müqayisə edəndə görürük. Azərbaycanın Seçki Məcəlləsində məsələlər daha təfsilatı ilə əksini tapır. Məsələn, Böyük Britaniyada, ümumiyyətlə, seçki qanunvericiliyi yoxdur. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2000-ci illərin əvvəllərində Böyük Britaniyadan qayıtdıqdan sonra mətbuat konfransı təşkil etdi. Jurnalistlər Böyük Britaniyanın seçki qanunvericiliyə ilə bağlı sual verdilər. Məzahir Pənahov da dedi ki, “Orada Seçki Məcəlləsi, seçki qanunvericiliyi yoxdur, bəzi xırda təlimatlar formasında olan sənədləri istisna etsək, geniş həcmli sənəd yoxdur. Amma seçkilər, səsvermə insanların həyatının bir parçasıdır”. O prosesi ki, cəmiyyət qəbul edib, barəsində tam məlumatlıdır, onun qanun şəkilə salınmasına o qədər də ciddi ehtiyac yoxdur. Azərbaycanda da getdikcə seçki komissiyalarının üzvləri peşəkarlaşır, daha çox məlumat əldə edir, cəmiyyət də ilbəil seçkilərə daha fərqli mövqe sərgiləyirlər. Azərbaycanın Seçki Məcəlləsi beynəlxalq standartlara cavab verən seçkilərin keçirilməsi üçün təkmil bir sənəddir.
- 2013-cü ildə keçirilən Prezident seçkiləri öncəsi ilə hazırkı dövr arasında hansı fərqlər var?
- Bu suala seçki qurumunda çalışmayan bir şəxs daha asanlıqla cavab verər. Çünki kənardan müşahidə edəndə, fərqləri görmək daha asandır. Bunu biz desək, təvazökarlıqdan kənar olar. Gündəlik iş seçki ilə bağlı olduğu üçün fikir yürütmək bir qədər çətindir. Baxın, bir insanla bağlı fikir bildirəndə, kənardan müşahidə edən daha obyektiv münasibət sərgiləyir. Seçki qurumunda çalışdığımı kənara qoyub vətəndaş kimi mövqe bildirərəmsə, deyə bilərəm ki, Azərbaycanda seçkilərlə bağlı atılan addımlar təkmil olur. Azərbaycanda seçicilər seçki ilə bağlı fikir bildirəndə, detallarını müzakirə edirlər. Detalı müzakirə etmək o deməkdir ki, cəmiyyət, artıq maariflənir. Nəzərə alsaq ki, Azərbaycan yeni müstəqil olub. Dünyada “gənc demokratiya” ifadəsi var, Azərbaycan da “gənc demokratiya” kateqoriyasına aid ölkədir. Azərbaycan seçki prosesi ilə bağlı inkişaf etmiş ölkələrdən ən azı geri qalmır. İstər mövcud şərait, istər insanların seçkiyə marağı, istərsə də dairə seçki komissiyalarının peşəkarlığı bunu deməyə əsas verir. Hər kəs əlindən gələni edir ki, Azərbaycanda aprelin 11-nə təyin seçkilər daha təkmil olsun, pozitiv dinamika nümayiş olunsun.
- Bu seçkiyə beynəlxalq təşkilatların marağı hansı səviyyədədir?
- Beynəlxalq ictimaiyyət hər zaman Azərbaycana maraq göstərib. Çünki Azərbaycan regionda ən güclü, ən inkişaf edən dövlətdir. Ölkəmizin bütün məsələlərdə öz mövqeyi var. Bu, çox mühüm məsələdir. Elə ölkələr var ki, həm ərazisinə, həm də əhalisinin sayına görə Azərbaycandan böyükdür, amma həmin dövlətlərin adı müsbət və ya mənfi mənalarda hallanmır. Ona görə ki, o dövlətin iddiası yoxdur. Azərbaycan hər zaman milli maraqları irəli çəkdiyi üçün dünya ictimaiyyətinin diqqətini çəkir. Azərbaycan hər zaman beynəlxalq təşkilatların maraq dairəsində olub. Demokratikləşmə sahəsində ən mühüm məsələ seçkilərin keçirilməsidir. Əvvəllər keçirilən seçkilər kimi, aprelin 11-nə təyin olunan Prezident seçkilərinə də maraq böyükdür. Azərbaycandan 15 dəfə böyük dövlətlərə də 300-400 müşahidəçi göndərilir, ölkəmizə də. Bu da marağın göstəricisidir.
Foto: Firi Salim