Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisi özünün gələn ilki xərclər smetasını müzakirə edib. “Report” xəbər verir ki, Milli Məclis və Aparatının saxlanılması üçün 2015-cu il üzrə xərclərin 23 milyon 357 min 94 manat olması nəzərdə tutulub. Bunun 69,7 faizinin əmək haqlarına xərclənilməsi planlaşdırılır.
Layihədə ezamiyyə xərclərinə 1 milyon 473 min 900 manat ayrılıb. Rabitə xərcləri üçün isə 240 min manat vəsait nəzərdə tutulub.
“Milli Məclisin 2015-cu il üçün xərclər smetası” layihəsini parlamentə Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev təqdim edib. O, eyni zamanda Milli Məclisin avtodayanacağının iki mərtəbəli olmasının təmin edilməsini hökumətdən xahiş edib.
Daha sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun 2015-ci il üçün xərclər smetasını açıqlayıb. O bildirib ki, gələn il üçün palataya 3 milyon 892 min manat vəsait ayrılıb.