Bakı. 26 oktyabr. REPORT.AZ/ “Biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmalıyıq. Hər bir dövlət bu istiqamətdə addım atmalıdır. Azərbaycan bu sahədə bir sıra uğurlara imza atıb”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu” mövzusunda interaktiv müzakirədə deyib.
O qeyd edib ki, ölkədə əhalinin məşğulluğunun artırılması ilə bağlı işlər görülür: “Bütün sahələrdə qadınların təmsil olunması üçün geniş imkanlar yaradılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələri xüsusi qeyd etmək lazımdır. Burada vətəndaş cəmiyyətinin nümayəndələrinin də əməyini də qeyd etməliyəm. Azərbaycanda qadınlara yaradılan imkan ildən-ilə artırılır”.
Onun sözlərinə görə, Azərbaycanın ərazilərinin bir hissəsi işğal edilib, 1 milyondan çox qaçqın və məcburi köçkün var, buna baxmayaraq, ölkə inkişaf edir, qaçqın və məcburi köçkünlərin məişət problemləri həll edilir.