DMX-nin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərli "Report"un sorğusuna cavab olaraq bildirib ki, xidmət rəisi Vüsal Hüseynovun bahalı avtomobil alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Dövlət Miqrasiya Xidmətinin rəisinin xidməti avtomobili 13 il əvvəl alınıb, 3 il əvvəl isə istismar müddəti bitib. Amma buna baxmayaraq, hələ ki, yeni avtomobil alınmayıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə DMX rəisi Vüsal Hüseynovun iyunun 28-də 166 min 356 manat 40 qəpik məbləğində “BMW“ markalı xidməti avtomobil alması ilə bağlı məlumatlar yayılıb.
Eyni zamanda, iyunun 28-də dövlətin rəsmi mətbuat orqanı olan “Respublika” qəzetində Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun minik avtomobilinin satınalınması üzrə iyunun 7-də keçirilən tenderin nəticəsi dərc olunub. Elanda qeyd olunub ki, açıq tenderin nəticələrinə əsasən, “İMPROTEX MOTORS” MMC-nin qalib müəyyən edilib və müvafiq satınalma müqavilələri bağlanılıb.