Yuxarı

Bu ilin doqquz ayı ərzində ölkədən çıxarılan əcnəbilərin sayı açıqlanıb

Bu ilin doqquz ayı ərzində ölkədən çıxarılan əcnəbilərin sayı açıqlanıb
Miqrasiya və inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 17 076 qərar qəbul edilib
© Report/ Elshan Baba — Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Vahid Qəhrəmanov

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu ilin doqquz ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən miqrasiya və inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 17 076 qərar qəbul edilib.

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Vahid Qəhrəmanov məlumat verib.

Baş idarə rəisi bildirib ki, onlardan 1930-u ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı olub: "9122-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə, 5052-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə, 785-i Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə, 187-si müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub".

V.Qəhrəmanovun sözlərinə görə, 2017-ci ilin 9 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 66 min 828 müraciət daxil olub: "Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Bundan başqa bu ilin 9 ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 633 min 827 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi