Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması üçün Prezidentə müraciət edib - YENİLƏNİB-5

Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması üçün Prezidentə müraciət edib - YENİLƏNİB-5 Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.
Daxili siyasət
2 Dekabr , 2019 13:38
Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması üçün Prezidentə müraciət edib - YENİLƏNİB-5

Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.

“Report” xəbər verir ki, layihəni MM sədrinin müavini Bahar Muradova deputatların diqqətinə çatdırıb.

Beləliklə, "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər bitərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. Bir deputat isə səsvermədə iştirak etməyib.


*** 12:31

Milli Məclisdə (MM) hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciətlə bağlı redaksiya heyəti yaradılıb.

“Report” xəbər verir ki, bunu spiker Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında bildirib.

O deyib kİ, heyətin tərkibinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri, MM sədrinin müavini Bahar Muradova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Fəzail İbrahimliSahibə Qafarova daxildir.


*** 12:21

Milli Məclisin plenar iclası davam edir.

"Report" xəbər verir ki, hazırda deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanacaq müraciəti müzakirə edirlər. 


*** 12:12

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciət mətnini oxuyub.

"Report" xəbər verir ki, müraciətdə deyilir:

“Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət idarəçilik, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv transformasiyasını, həyata keçirilməsi daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir.

Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır. Azərbaycan Nazirlər Kabinetində, Məhkəmə hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bunda sonra da uğurla davam etdiriləcək.

Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilə islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir. Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə dərin islahatlar strategiyasına uyğunlaşmasına dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.

S.Novruzov digər deputatlara çağırış edərək onları müraciətə qoşulmağa səsləyib.

Daha sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələni hüquqi baxımdan şərh edib.

Hazırda plenar iclas davam edir.


*** 12:01

Milli Məclisin dekabrın 2-ə təyin olunan plenar iclası başlayıb.

“Report” xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələnin müzakirəsi nəzərdə tutulub.

O.Əsədov deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar son dövrlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində, bir sözlə, bütün sahələrdə aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır:

“Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini və parlamentin yeniləşməsini zəruri edib”.

Xatırladaq ki, bugünkü iclasda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılacaq.


*** 07:30

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyinə yalnız bir məsələ daxildir.

Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edəcəklər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi