Fərid Şəfiyev: "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində ermənişünaslıq şöbəsi açmağı düşünürük"

Fərid Şəfiyev: "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində ermənişünaslıq şöbəsi açmağı düşünürük" Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əsas vəzifəsi beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini çatdırmaqdır.
Daxili siyasət
2 Avqust , 2019 13:04
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində ermənişünaslıq şöbəsi açmağı düşünürük

"Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əsas vəzifəsi beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini çatdırmaqdır".

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev mətbuat konfransında bildirib.

“Media ilə daha sıx çalışmaq, internet üzərindən aylıq bületenlər yaymaq niyyətindəyik. Müvafiq dövlət qurumları üçün məruzələr hazırlamaq da qarşımıza qoyulan vəzifədir. Xarici tərəfdaşlarımızla da əməkdaşlığı genişləndirəcəyik, onlarla birgə layihələr icra etməklə bağlı planlarımız var. Bununla yanaşı, xarici ekspertlərin də ölkəmizə gəlib müvafiq tədqiqatlar aparmaları üçün təqaüdlər ayıracağıq. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox tədqiqatlar aparılması üçün zəruridir”, – mərkəz rəhbəri deyib.

O, münaqişəni siyasi, iqtisadi, hüquqi cəhətdən araşdıracaqlarını diqqətə çatdırıb: “Mərkəzdə ermənişünaslıq şöbəsi də açmağı düşünürük. Bunun üçün erməni dilini bilən kadrlara ehtiyacımız var. Hələlik Rusiya və başqa ölkələrin mənbələrinə istinad edirik, halbuki Ermənistanın daxili oxucusuna ünvanlanan materiallar bunlardan xeyli fərqlənir”.

F.Şəfiyev Qərbin elmi dairələri tərəfindən Azərbaycanla bağlı ortaya çıxarılan araşdırmaların azlığını da diqqətə çatdırıb: “Bu, ölkəmizi xaricdə tanıtmaq baxımdan mənfi haldır. Məncə, əsas problem Azərbaycanda dərc olunan araşdırmaların Qərb standartlarına uyğun gəlməmsidir. Belə yazılarda hissiyyata üstünlük verilir. Odur ki, bu məsələyə yanaşmalar dəyişməlidir”.

BMTM rəhbəri həmçinin Rusiya, Çin, İran, Yaxın Şərq ölkələrinə dair da tədqiqatlar aparmağı, həmin ölkələrin mediasında Azərbaycanla bağlı yazıların monitorinqini nəzərdə tutduqlarını qeyd edib.

Tədbirdə həmçinin BMTM-nın yeni adının (AİRCenter – Analysis of İnternational relations) əks olunduğu yeni loqosu da təqdim olunub.

Son xəbərlər

Orphus sistemi