Dekabrın 13-də Fəvvarələr Meydanında “Nargis” Fondunun təşkil etdiyi “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının rəsmi açılış mərasimi olub.
"Report" xəbər verir ki, “Nargis” Fondunun və jurnalının fəaliyyətə başlamasının 9-cu ilinə təsadüf edən builki yarmarkanın açılış mərasimi əyləncəli musiqili paradla başlayıb.
Əvvəlcə “Nargis” Fondunun rəhbərliyi və qonaqlar yarmarkanın ərazisində quraşdırılmış satış evləri ilə tanış olublar.
Sonra tədbir şou-proqramla davam edib. 71 evdən və 2 restorandan ibarət xeyriyyə yarmarkası hər gün saat 11:00-dan 23:00-dək 2022-ci ilin yanvar ayının 15-dək davam edəcək. Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.
Xeyriyyə yarmarkasının qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, qeyri-adi, dadlı təamlar dada, isti içkilərlə soyuq qış günündə isinə, sevdikləri ilə birlikdə oyunlar oynaya və əsl Yeni il sehrini birlikdə kəşf edə bilərlər. Fondun fəaliyyətı barədə ətraflı məlumat və “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri rəsmi sosial şəbəkə resurslarından əldə etmək mümkündür.
Qeyd edək ki, tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Mediline Group Assistance”, “Paşa Holdinq” təhlükəsizlik xidmətidir. Xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holdinq”, “Azercell”, “Coca-Cola”, “Boutique One”, “XırtaXırt”, “AzPromo”, “Made in Azerbaijan”, “ASCO”, “Muğanbank”, “Kalinka”, “Shokki Mokki”, “Azərçay”, “Super Sun” şirkətlərinin dəstəyi ilə keçirilir.
Xatırladırıq ki, “Nargis” Fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib. 2013-cü ildən etibarən Fond tərəfindən “Soyuq Əllər, İsti Ürək” qış xeyriyyə yarmarkası hər il Fəvvarələr meydanında təşkil edilir. Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan körpələr məhz “Soyuq Əllər, İsti Ürək” yarmarkası sayəsində toplanan vəsaitlərin hesabına yenidən sağlamlığa qovuşublar. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi saytı və sosial şəbəkələrində paylaşılır. 2020-ci ildə həm bahar, həm qış xeyriyyə yarmarkalarının keçirilməsi xüsusi karantin rejimi səbəbilə təxirə salındı. Bütün çətinliklərə və maneələrə baxmayaraq, “Nargis” Fondu qeydiyyata aldığı ailələrə kömək etməyə davam etdi, bu müddət ərzində 50-dən çox uşaq xeyriyyəçilərin və şəxsən Fond rəhbərliyinin maliyyə dəstəyi ilə müalicə və əməliyyata göndərildi. Karantin rejimi qaydalarının qorunmasına və gözlənilməsinə yarmarka iştirakçıları, habelə birbaşa Fond rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarət edilir.