Noyabrın 23-də Heydər Əliyev Sarayında gənc və istedadlı fotoqraf Ramin Aslanovun “Bir Bax, Min Yaşat” fərdi fotosərgisi keçiriləcək.
Bu barədə "Report"a saraydan məlumat verilib.
Müxtəlif və rəngarəng mövzuları əhatə edən və əsasən təbiət fotojanrına üstünlük verilən fotosərgi müəllifin tamaşaçılar qarşısında ilk hesabatıdır. Azərbaycanımızın şəhər və rayonlarının təbiətinin müxtəlif obrazlı gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyinin sərgiləndiyi sərgi tamaşaçılara yüksək sənət zövqü bəxş edəcək.
Heydər Əliyev Sarayının foto sərginin təşkilində məqsədi sərgilənən foto nümunələrini geniş ictimaiyyətə təqdim edərək, tanıdaraq gənc, yaradıcı və peşakar insanlara diqqət göstərmək, dəstək olmaqdır.
Fotosərgidə əsərlərin satışı həyata keçiriləcək. Əldə olunacaq gəlir Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT" Fonduna ianə ediləcək.
Sərgi saat 17:00-da başlayacaq.