Bakı. 13 aprel. REPORT.AZ/ "Sumqayıt Kimya Sənaye Parkı 2011-ci ildə yaradılıb və qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, artıq bir sıra rekorda imza atıb".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov deyib.
Z.Məmmədovun sözlərinə görə, adıçəkilən park investisiya qoyuluşuna və rezidentlərin sayına görə ən nəhəng parkdır: "Parkın yerləşdiyi ərazidə sovet dövründən qalma ekoloji problemlər olub. Amma aparılan abadlıq işləri nəticəsində ərazi təmizlənib və Sumqayıt Kimya Sənaye Parkı salınıb. Burada rezidentlər üçün ən müasir şərait yaradılıb. Yerüstü infrastrukturun yaradılması işləri davam etdirilir".
Direktor müavini deyib ki, Sumqayıt Kimya Sənaye Parkının ikinci fazasında da müəyyən işlər görülüb: "İkinci fazaya daxil olan 27 ha ərazidə söküntü işləri tam yekunlaşdırlıb və ərazidə yeraltı infrastrukturunun salınması həyata keçirilir. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 10 rezidentə yer vermişik və ümumi investisiya 1,2 mlrd. dollar təşkil edir. Qonşu ölkələrlə müqayisədə bu, rekord göstəricidir".
Z.Məmmədov parkın ən çox investisiya yatırmış rezidentinin adını da açıqlayıb: "SOCAR Polymer" parkın ən nəhəng layihəsidir. Layihəyə investisiya qoyuluşu 780 mln. dollardır. Burada polipropilen və yüksək sıxlıqlı polietilen hazırlanır ki, bu da multiplikativ effekt yaradaraq kiçik və orta sahibkarlığa şərait yaradır".