"Bu gün imzaladığımız Anlaşma Memorandumu ölkəmizin dağ-mədən sənayesinin gələcək inkişafı üçün atılmış növbəti uğurlu addımdır. Bilirsiniz ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dağ-mədən sənayesində də qardaş Türkiyə ilə olduqca sıx əlaqələrimiz var. İmzaladığımız sənədlə iki ölkənin dağ-mədən şirkətləri arasında tərəfdaşlıq münasibətlərində yeni səhifə açılıb".
“Report”un məlumatına görə, bunu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində keçirilən brifinqdə Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlığa dair İcra Sazişi çərçivəsində Anlaşma Memorandumunun imzalanmasına münasibət bildirərkən deyib.
Xatırladaq ki, sözügedən Anlaşma Memorandumu bu gün Azərbaycanla Türkiyə arasında imzalanmış 6 sənəddən biridir. Sənəd Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında imzalanıb.
Z.İbrahimovun sözlərinə görə, Anlaşma Memorandumuna uyğun olaraq, iki ölkə arasında elmi-texniki əməkdaşlığa dair razılıq əldə olunub: "Sənəd yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir. Bununla yanaşı, memorandumu imzalayan tərəflər Azərbaycanda fəaliyyət göstərəcək birgə müəssisə və yaxud şirkətin yaradılması imkanlarını da araşdıracaq: Əminəm ki, birgə əməkdaşlıq ölkəmizin sənaye əhəmiyyətli proqnoz resurslara malik filiz yataqlarının qiymətləndirilməsinə töhfə verəcək. Heç şübhəsiz, birgə aparacağımız tədqiqatlar gələcəkdə yeni investisiyaların cəlb edilməsi, yeni hasilat sahələrinin işə salınması ilə nəticələnək. Bu sənəd çərçivəsində ETSN ilə beynəlxalq əməkdaşlığa da birgə töhfə verəcəyik”.