Yuxarı
    Bağlamaq

    ​Vüsal Qasımlı: "Azərbaycan sənaye inqilablaşmasının yeni dövrünə qədəm qoyur"

    Bakıda Sənayeləşmə və innovativ inkişaf mövzusunda ictimai müzakirələr keçirilir

    Bakı. 5 iyul. REPORT.AZ/ "Dövlət tərəfindən edilən güzəştin nəticəsi olaraq bu il yalnız 46-ya yaxın sahibkarlıq subyektində yoxlama aparılıb". "Report" xəbər verir ki, bunu "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi", "Sənayeləşmə və innovativ inkişaf" mövzusunda bu gün Bakıda keçirilən ictimai müzakirələrdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

    "Son illərdə iqtisadi artım nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi aşağı salınıb, əhalinin gəlirləri artıb. Neft gəlirlərinə daim arxalanmaq olmaz. Məhz bu səbəbdən də artıq 2012-ci ildən başlayaraq Azərbaycanda prioritet sahə kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi qarşıya məqsəd olaraq qoyulub. Son dövrlər dünya iqtisadiyyatında baş verən gərginliklər Azərbaycan iqtisadiyyatına da təsir edib. Məhz belə şok vəziyyətlərə hazır olmaq məqsədilə Azərbaycanda sənayeni, biznesi, qeyri-neft sektorunu inkişaf etdirmək üçün həyata keçirilən tədbirlər bu il də davam etdirilir. Təkcə sahibkarlıq subyektlərinə dövlətin etdiyi güzəşt nəticəsində bu il yoxlamaların sayı ötən ilə nisbətdə 4 mindən 46-ya enib. Azərbaycanda iqtisadiyyatın şaxələnməsi üçün sənaye ilə bağlı yeni ideyaların irəli sürülməsi, yeni layihələrin həyata keçirilməsi lazımdır", - deyə S.Həsənova qeyd edib.

    Daha sonra çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan hazırda sənaye inqilablaşmasının yeni dövrünə qədəm qoyur: "Bu gün ümumilikdə Azərbaycanda milli iqtisadiyyatın yol xəritəsi yaradılır. Azərbaycan yeganə ölkədir ki, okeana çıxışı olmadığı halda transkontinental xaba çevrilib. Kənd təsərrüfatı o zaman rəqabətə davamlı olacaq ki, onun lokomotivi sənaye olsun. İqtisadiyyatın inkişafı üçün əmək məhsulu, kadr hazırlığı sənaye sahəsinin əsas drayveri olmalıdır. Stateji yol xəritəsinin hazırlanmasında birinci mərhələ başa çatıb. Bu mərhələdə iqtisadıyyatın 8 əsas, 3 köməkçi sektor olmaqla, ümumilikdə 11 sektor üzrə beynəlxalq təcrübə öyrənilib. Bununla bağlı 1 500 səhifədən ibarət 10 kitab nəşr olunub".

    Pezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov isə qeyd edib ki, hazırda strateji yol xəritəsinin hazırlanmasının ikinci mərhələsi icra olunur: "Bu mərhələdə beynəlxalq təcrübədən qaynaqlanaraq 11 sektor üzrə tədbirlər planı hazırlanacaq. Sənayenin 3 istiqaməti üzrə neft-qaz, kimya sənayesinin, ağır maşınqayırma sektorunun, sahibkarlığın inkişaf istiqamətində sənayenin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycanda rəqabətqabiliyyətliliyi artırmaq üçün məhsulların istehsalda innovasiyaların tətbiqinə üstünlük verilməlidir. Azərbaycanda sənaye parkları yaradılır, bu istiqamətdə platforma genişləndirilir. Ölkədə istehsal olunan məhsulların beynəlxalq standartlara cavab verməsi mütləqdir. Azərbaycana xarici investisiyaların yatırılması üçün bir sıra tədbirlər həyata keçirmək lazımdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi