Vacib missiya: təmizlik, təkrar emal, ekoloji vəziyyətin yaxşılaşdırılması, ekosahibkarlığın inkişafı...

Vacib missiya: təmizlik, təkrar emal, ekoloji vəziyyətin yaxşılaşdırılması, ekosahibkarlığın inkişafı... Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə artıq başlanılıb
Sənaye
26 Avqust , 2021 15:10
Vacib missiya: təmizlik, təkrar emal, ekoloji vəziyyətin yaxşılaşdırılması, ekosahibkarlığın inkişafı...

Məlum olduğu kimi, Abşeron regionunda ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 28 sentyabr 2006-cı il tarixində “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilib. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyyəti vardır.

"Report" xəbər verir ki, sənəddə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapıb.

Abşeron yarımadasında məişət tullantılarının toplanması, daşınması, yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması da bu işlər sırasındadır. Dövlət başçısının “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 2008-ci il 6 avqust tarixli Sərəncamına əsasən təsis olunan “Təmiz Şəhər” ASC Bakı ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinin səmərəli şəkildə və müasir standartlara uyğun qurulması, tullantıları təkrar emala cəlb etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. ASC-nin mühüm vəzifələrindən biri qeyd edilən tədbirləri uğurla reallaşdırmaqla, həm də bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafa töhfə verməkdir.

Şərqi Avropa və MDB-də öz sahəsi üzrə ən böyük və müasir müəssisə

Qeyd edək ki, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası çərçivəsində Bakı bərk məişət tullantılarının yandırılması zavodu yaradılıb. Zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulmuşdur. İllik gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək mümkündür.

Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda abadlıq işləri nəticəsində ətraf mühitə zərərli təsirlər əhəmiyyətli dərəcədə azaldılıb

Dövlət başçısının “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” imzaladığı Sərəncamla Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu 2009-cu ildə “Təmiz Şəhər” ASC-yə təhvil verilib. İqtisadiyyat Nazirliyi ilə Dünya Bankı arasında “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi icra olunaraq ekoloji problemin müşahidə edildiyi 120 hektar ərazidə ətraf mühitə zərərli təsirlər əhəmiyyətli dərəcədə azaldılıb. 1963-cü ildən fəaliyyət göstərən Balaxanı poliqonu beynəlxalq ekoloji standartlara və texniki normalara cavab verən yeni sanitar poliqona çevrilib. Poliqonda tullantı daşıyan maşınlar davamlı olaraq yuyulur və dezinfeksiya edilir. Məntəqədə maşınlar yuyulmaqla yanaşı, bakteriya və virusları neytrallaşdırmaq üçün nəzərdə tutulan maddələrdən istifadə edilərək təmizlənir. Yuyulma zamanı sərf olunan su isə müxtəlif dezinfektantlar vasitəsilə bir neçə mərhələdə təmizlənərək yenidən istifadəyə yönləndirilir.

Çeşidləmə nəticəsində təkrar emal üçün yararlı materiallar ayrılır, istehsal üçün ucuz xammal formalaşır

Məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsalı, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə 2012-ci ildə “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu istifadəyə verilib. Alman texnologiyası əsasında qurulan zavod il ərzində 200 min ton tullantı qəbul etmək gücündədir. 2012-ci ildə Prezident İlham Əliyevin açılışında iştirak etdiyi müəssisə “yaşıl iqtisadiyyat”ın inkişafında və Balaxanı Sənaye Parkının rezidentlərinin xammalla təmin edilməsində mühüm rol oynayır. Ekosahib­karlığın inkişafına dəstək verən zavodda çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı materiallar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, eləcə də Balaxanı Sənaye Parkında istehsal üçün ucuz xammal formalaşır. Ölkədə təkrar istehsal sahəsinin inkişafında mühüm rol oynayan zavodun yaradılması təbii resurslara, enerjiyə qənaət edilməsinə, “yaşıl biznes”in genişlənməsinə, ən önəmlisi isə ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət edir.

Qala qəsəbəsində tullantıların çeşidlənməsi və daşınması müasir standartlara uyğun təşkil edilir

Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən “Təmiz Qala” pilot layihəsi icra edilir. Layihənin məqsədi Qala qəsəbəsi ərazisində əmələ gələn tullantıların çeşidlənməsi və daşınmasını müasir standartlara uyğun təşkil etməkdir.

Layihə çərçivəsində qəsəbədə qeyri-qanuni tullantı sahələri aşkar olunaraq ləğv edilib və əhali arasında tullantıların idarə olunması ilə bağlı fəal maarifləndirmə işləri aparılıb.

Balaxanı Sənaye Parkı ekosahibkarlıqla məşğul olmaq istəyənlər üçün əlverişli məkandır

Azərbaycan Respublikasının Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, ölkədə təkrar istehsalı inkişaf etdirmək məqsədi daşıyan Balaxanı Sənaye Parkı yaradılıb. 2017-ci ildə dövlət başçısının iştirakı ilə Balaxanı Sənaye Parkının açılışı olmuşdur. İlkin mərhələdə 7 ha olan Sənaye Parkının ərazisi, sahibkarların marağının artması nəzərə alınaraq 10,15 hektara çatdırılıb.

Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edir.

Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən Balaxanı Sənaye Parkı ekosahibkarlıqla məşğul olmaq istəyənlər üçün əlverişli işgüzar məkandır. Burada fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar 10 il müddətinə ƏDV-dən, 7 il müddətinə isə idxal rüsumundan azaddır.

Balaxanı Sənaye Parkında indiyə qədər 23 rezident qeydiyyatdan keçib və artıq 16 rezident fəaliyyətə başlayıb. Sənaye Parkı ərazisində rezidentlər tərəfindən tikinti materialları, işlənmiş qida və mühərrik yağları, kağız, plastik, rezin, və s. tullantılar təkrar emala cəlb olunmaqla, yeni məhsul istehsalı həyata keçirilir.

Sənaye Parkının fəaliyyəti dövründə rezidentlər tərəfindən 44 milyon manat investisiya qoyulmuş və 800-dən çox insan işlə təmin edilib. Rezidentlər tərəfindən ötən müddət ərzində 67 milyon manatlıq məhsul istehsal olunub. Məhsulun bir hissəsi Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya və Belarusa ixrac edilib.

Böyükşor gölünün əcəb seyrangahı var...və ya durnalar gölə gəldi...

“Təmiz Şəhər” ASC tərəfindən icra olunan uğurlu layihələrdən biri də Böyükşor gölünün bərpasıdır. Layihə çərçivəsində gölün şərq hissəsində 300 hektar ərazi ayrılıb, gölü bölən bənd və həmin bənd üzərindən Binəqədi-Balaxanı avtomobil yoluna və Ziya Bünyadov prospektinə rahat çıxış imkanı yaradan yeni yol inşa olunub. Dib çöküntüləri təmizlənərək suyun keyfiyyəti yaxşılaşdırılıb, bulvar və park salınıb. Bir vaxtlar durumu ekoloji cəhətdən gərgin olan Böyükşor gölünün ətrafı indi şəhər sakinlərinin üz tutduqları ən yaxşı istirahət məkanlarından biridir.

Göldə köçəri quşları da görmək mümkündür.

Tullantıdan sənətə...

“Təmiz Şəhər” ASC tullantıların idarə olunması və əhali arasında maarifləndirmə işlərinin aparılması istiqamətində nəinki yerli, eləcə də beynəlxalq əhəmiyyətli layihələrin icraçısı kimi tanınır. Bakının Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyində hər il “Tullantıdan sənətə” adlı beynəlxalq sərgi keçirilir. Burada yerli rəssamlarla yanaşı, dünyanın 40-dan çox ölkəsindən gələn rəssamların tullantılardan yaratdıqları ecazkar əsərləri izləyicilərə təqdim olunur.

Mədəniyyət paytaxtını həm də təmizlik paytaxtlarından birinə çevirmək missiyası...

Bərk məişət tullantılarının idarə olunması sahəsində müsbət təcrübəsi nəzərə alınan “Təmiz Şəhər” ASC-yə yeni və çox vacib missiya tapşırılıb. Prezident İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi ASC-yə həvalə edilib.

Dövlət başçısının Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə artıq başlanılıb.

İlkin mərhələdə şəhər ərazisində təmizlik işləri aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunmuş, küçələrdə atılmış, yararsız nəqliyyat vasitələri kənarlaşdırılmış, hərbi hissələrin və müxtəlif təyinatlı binaların təmizlənməsi həyata keçirilib. Tullantılar üçün 200 ədəd xüsusi konteyner gətirilərək, müəyyən olunmuş tullantı meydançalarına yerləşdirilib. İşğal altında olduğu zaman dağıdılan və tullantıların toplandığı tarixi binaların təmizlənməsi hazırda ASC-nin əməkdaşları tərəfindən davam etdirilir.

Son xəbərlər

Orphus sistemi