Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşən “Tutxun” nəcib metal təzahürləri sahəsində bütövlükdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır.
Bu barədə “Report”a “AzerGold” QSC-dən məlumat verilib.
Bildirilib ki, cəmiyyət tərəfindən 2022-2025-ci illər üzrə tərtib edilmiş kəşfiyyat proqramlarına uyğun olaraq geoloji heyət tərəfindən Tutxun çayının hövzəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənmiş Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində yerüstü aktiv axtarış-kəşfiyat işləri sürətlə davam etdirilir. “AzerGold” QSC-in geoloji kəşfiyyat qrupu bu ilin iyun ayından etibarən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli axtarışlar aparır.
Bununla yanaşı, araşdırmalar çərçivəsində Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1 624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri də həyata keçirilməkdədir.
Xatırladaq ki, 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.
Qeyd edək ki, “AzerGold” QSC Azərbaycan Prezidentinin 16 mart 2020-ci il tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı çərçivəsində müvafiq fəaliyyətini davam etdirir. Sözügedən tədbirlər planına əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kiçik Qafqazın mərkəzi və cənub hissəsində nəcib və əlvan metal perspektivli sahələrdə geoloji-axtarış işlərinin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və “AzerGold” QSC-yə həvalə edilib.