Türkiyənin Metal Sənayeçiləri Birliyini təmsil edən MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkəti “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl mədənində istehsal proseslərinin avtomatlaşdırılması imkanlarının araşdırılması, hazırda tətbiq olunan texnologiyalarla yaxından tanışlıq və işgüzar əlaqələrin genişləndirilməsi üçün “Çovdar” İnteqrəolunmuş Emal Sahəsinə (ÇİRES) səfər ediblər.
Bu barədə “Report”a “AzerGold”dan məlumat verilib.
Bildirilir ki, işgüzar səfər Azərbaycan İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə həyata keçirilib.
ÇİRES-in inzibati binasında keçirilən görüşdə tərəflər geotexniki monitorinq, buruqqazma və digər əməliyyatlar üzrə rəqəmsal verilənlər bazasının təkmilləşdirilməsi və proseslərin mərkəzləşdirilmiş formada idarəolunması istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşdə rəqəmsallaşma yolu ilə keyfiyyət, xərc və səmərəlilik kimi amillərə və istehsal prosesinin optimallaşdırılmasına təsir mexanizmi müzakirə edilib. Səhmdar Cəmiyyətinin fəaliyyət sahələrinin innovativ həllərin və müasir texnologiyaların tətbiqi ilə avtomatlaşdırılması və rəqəmsallaşdırılması məqsədi ilə gələcək əməkdaşlıq perspektivləri çərçivəsində təkliflərin hazırlanmasına dair razılıq əldə olunub.
Daha sonra qonaqlar “Çovdar” mədənində sulfid fazası üzrə oksid filizlərinin hasilatı, filiz anbarında filizlərin idarolunması prosesləri, şirkətin mövcud maddi-texniki bazası, eləcə də zavod və laboratoriyada yaradılan şəraitlə əyani olaraq tanış olublar.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM-i ilə Türkiyənin Metal Sənayeçiləri Birliyini arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Azərbaycanın istehsal sektorunda rəqəmsal savadlılığın təşviqi, Azərbaycanda ağıllı sənaye hazırlığı indeksi (Smart Industry Readiness Index - SIRI) əsasında qiymətləndirilmənin aparılması, müvafiq qurumların nümayəndələrinin iştirakı ilə istehsalat sahələrinə qarşılıqlı səfərlərin təşkili, ağıllı istehsal proseslərinin qurulması və s. kimi əməkdaşlıq istiqamətləri müəyyən edilib. Bu çərçivədə cari ilin may ayında “AzerGold” və 4 SİM-in nümayəndə heyəti Türkiyənin Kayseri şəhərində yerləşən “Öksüt” qızıl mədəninə səfər edib, “KoçDigital” şirkətinin mühəndislik, eləcə də texniki imkanları və ümumilikdə fəaliyyəti ilə yaxından tanış olublar.