Türkiyə Azərbaycanda metallurgiyanın inkişafına dəstək vermək istəyir

Türkiyə Azərbaycanda metallurgiyanın inkişafına dəstək vermək istəyir “AzerGold”da “Eti Bakır” SC-nin nümayəndələri ilə görüş keçirilib
Sənaye
12 Mart , 2021 11:02
Türkiyə Azərbaycanda metallurgiyanın inkişafına dəstək vermək istəyir

“AzerGold” QSC-də Türkiyənin ən böyük özəl şirkətlərindən biri olan “Cengiz Holding”in törəmə şirkəti “Eti Bakır” SC-nin nümayəndələri ilə görüş keçirilib.

“Report”un “AzerGold”a istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğu qeyd olunub.

“AzerGold”un İdarə Heyətinin (İH) sədri Zakir İbrahimov Cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verərək dağ-mədən sektorunun inkişaf etdirilməsi məqsədilə icra edilən layihələrdən danışıb. O, şirkətin 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verməyi planlaşdırdığını bildirib.

Daha sonra “Eti Bakır”ın İH-nin sədri Şeref Cengiz rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib, şirkətin Türkiyə və regionun mis hasilatı və metallurgiya sənayesindəki öncül mövqeyindən bəhs edib. O, ötən ay Ankara şəhərində keçirilmiş Türkiyə-Azərbaycan Biznes Forumu çərçivəsində Azərbaycan hökuməti ilə “Eti Bakır” arasında əməkdaşlığa dair imzalanmış sazişin dağ-mədən sektorunda tərəfdaşlığa mühüm töhfələr verəcəyini qeyd edib. Türkiyəli qonaq mis yataqlarının işlənməsinə və metallurgiya sənayesinin inkişafına dəstək verməyə hazır olduqlarını bəyan edib.

Z.İbrahimov müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun şanlı qələbəsi nəticəsində azad edilmiş Qarabağın böyük iqtisadi potensialının olduğunu, mövcud resursların dağ-mədən sektorunda ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib. Sədr “AzerGold”un dövlət şirkəti olaraq bu sahədə dost və qardaş Türkiyə şirkətlərinə hər zaman dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə dağ-mədən sahəsində tətbiq olunan qabaqcıl texnologiyaların öyrənilməsi, geoloji kəşfiyyat işləri, yataqların ehtiyatlarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi metodologiyaları və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda təcrübə mübadiləsi çərçivəsində texniki heyətlərin qarşılıqlı tanışlıq səfərlərinin təşkil olunmasına dair razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi