İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC 2019-cu ili 17,776 milyon manat zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 47,4% azdır.
Bununla belə, səhmdar cəmiyyətinin yığılmış zərəri 9,1% artaraq 212,991 milyon manata çatıb.
Ötən il "Təmiz Şəhər"in əməliyyat gəlirləri 4,82 milyon manat (əvvəlki ilə nisbətən 6,5% çox), əməliyyat xərcləri 21,279 milyon manat (28,3% az), əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi üzrə zərəri 9,457 milyon manat (26% az), maliyyə aktivləri, debitor borcları və digər alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlirləri 8,123 milyon manat (2,1 dəfə çox), digər gəlirləri isə 16 min manat (9,7% çox) təşkil edib.
Xatırladaq ki, "Təmiz Şəhər" 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 9,15 milyon manatdır. Şirkət Bakıdakı bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını həyata keçirir.