Rusiyanın Tatarıstan bölgəsinin iş adamları Azərbaycanın sənaye zonalarında yaradılmış biznes imkanlarından yararlanmağa dəvət edilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu barədə müzakirələr Tatarıstanın baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov arasında keçirilmiş görüşdə aparılıb.
S.Adıgözəlov nümayəndə heyətinə Agentliyin idarəçiliyində olan sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanları barədə məlumat verib.
Görüşdə Agentliklə Tatarıstanın Ximqrad Texnopolis arasında sənaye zonalarında investisiya layihələri, birgə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.