Yuxarı

​Suraxanıda 19 sahibkara 2,6 mln. manat kredit verilib

Hövsan kəndində sahibkarlarla işgüzar forum keçirilib

Bakı. 26 may. REPORT.AZ/ Bu gün Suraxanı rayonunun Hövsan kəndində sahibkarlarla işgüzar forum keçirilib. Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin mətbuat ximdətindən məlumat verilib.

Məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Suraxanıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Açıqlamada deyilir ki, 100-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi, üzlük daşlar, polietilen paketlər və corab istehsalı müəssisələrinin, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Suraxanı rayonundan olan 162 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 22,5 mln. manat güzəştli kredit yönəldilib. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1230-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 317 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, logistika mərkəzləri, tara, metal konstruksiya, neft-kimya, qida sənayesi avadanlıqları, mebel istehsalı, ət emalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 2,6 mln. manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, çörək və un məmulatları, hava kompressorları, tikinti materialları, mebel istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavoduna baxış keçirilib. Bu zavodda istehsal olunan məhsullar əsasən, Kanada, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Moldova, İraq, Bəhreynə ixrac olunur. Ümumiyyətlə, ölkəmizdə aparılan sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye üzrə 140-dan çox layihənin maliyyələşdirilməsinə 460 mln. manata yaxın güzəştli kredit verilib. Bu müəssisələrdən 120-si istifadəyə verilib. Müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi