“Suraxanı Maşınqayırma Zavodu”nun xalis mənfəəti 32 %-dən çox artıb
- 08 aprel, 2023
- 07:07
Yeniliklərdən dərhal xəbərdar olun!
“Suraxanı Maşınqayırma Zavodu” ASC 2022-ci ili 376 min manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 32,4 % çoxdur.
Ötən il “Suraxanı Maşınqayırma Zavodu”nun məhsul satışından gəlirləri 7,685 milyon manat (əvvəlki ilə nisbətən 32,75 % çox), məhsullarının maya dəyəri 5,996 milyon manat (36,3 % çox), digər əməliyyat gəlirləri 2 min manat (33,3 % az), sair xərcləri 1,124 milyon manat (16,5 % çox), maliyyə xərcləri 97 min manat (31,1 % az), mənfəət vergisi ödəmələri isə 94 min manat (32,4 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Suraxanı Maşınqayırma Zavodu”nun aktivləri 9,814 milyon manat olub ki, bu da illik müqayisədə 0,9 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,9 % azalaraq 4,762 milyon manata düşüb, balans kapitalı isə 1,1 % artaraq 5,052 milyon manata çatıb.
Xatırladaq ki, “Suraxanı Maşınqayırma Zavodu” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,745 milyon manatdır.