Prezident İlham Əliyevin iştirakı ilə İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı və “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisələrində layihələndirmə işləri tamamlanıb, tikinti-quraşdırma işləri aparılır.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumatda deyilir ki, eyni zamanda istehsal prosesində istifadə ediləcək avadanlıqların idxalına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir. “Glassica”da Almaniya, “Azərsulfat” da isə Çin texnologiyalarından istifadə ediləcək. Şüşə tara məhsullarının istehsalı müəssisəsinin investisiya dəyəri 12 milyon ABŞ dollarıdır, bunun artıq 7 milyon dollarlıq hissəsi layihənin reallaşdırılmasına yatırılıb və tikinti-quraşdırma işlərinin 75%-i yerinə yetirilib.
Sulfat turşusu istehsalı müəssisəsinin investisiya dəyəri isə 6 milyon ABŞ dollarıdır, layihə üzrə indiyədək görülən işlərə artıq 2,9 milyon dollar sərmayə qoyulub və işlərin 60%-i tamamlanıb.
Müəssisələrdə ümumilikdə 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hər iki müəssisənin gələn ilin I yarısında istifadəyə verilməsi planlaşdırılır.
Sulfat turşusu və şüşə tara məhsullarının istehsalı müəssisələri idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.