"Sumqayıt Kimya Sənaye Parkı"nda rezidentlərin sayı artırılacaq
- 19 noyabr, 2021
- 08:11
"Sumqayıt Kimya Sənaye Parkı"nda rezident olmaq istəyən 2 şirkətin qeydiyyatı nəzərdən keçirilir.
Bunu “Report”a İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktor müavini Elxan Şiriyev bildirib.
O deyib ki, hazırda baxılmaqda olan iki layihə var, onlara da ya bu ilin sonu, ya da gələn il rezidentlik verilə bilər: “Baxılan layihələr iri logistik mərkəzin yaradılması ilə bağlıdı, bundan əlavə kimya sənayesinə aid olan bir neçə layihəyə də baxılır”
Onun sözlərinə görə, hazırda parkda qeydiyyata alınan ümumi rezidentlərin sayı 25-dir, onlardan 17-si artıq fəaliyyətə başlayıb: “Artıq "Sumqayıt Kimya Sənaye Parkı"na 3 milyard ABŞ dolları dəyərində investisiya yatırılıb. Amma ümumi investisiya portfeli 3,3 milyard ABŞ dolları təşkil edir.
Xatırladaq ki, "Sumqayıt Kimya Sənaye Parkı" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. Şirkət ölkədəki sənaye parklarının idarəedicisidir.