1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə Böyük Britaniyanın"Anglo Asian Mining Plc." şirkəti arasında perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51 %, "Anglo Asian Mining Plc." şirkətinin payı isə 49 % təşkil edir.
Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğaldan azad edilmiş ərazilərdədir (Kəlbəcərdə, Ağdərədə və Zəngilanda). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2 500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək nəzərdə tutulub. Layihəyə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (Azerbaijan International Mining Company, AIMC) rəhbərlik edir.
İlk qızıl hasilatına "Gədəbəy" yatağında başlanılıb. Hal-hazırda şirkət Qarabağdakı yataqların işlənməsinə başlamağı planlaşdırır.
Azərbaycan Beynəlxalq Mədən Şirkətinin vitse-prezidenti Stiven Vesthedin “Report” agentliyinə müsahibəsində görülən işlər və planlar haqqında danışdı:
- Hazırda Gədəbəy yatağında hansı işlər görülür? Səhv etmirəmsə, onun işlənməsinə 2009-cu ildə başlanılıb.
- Gədəbəyin böyük - bəlkə də 2 000 illik tarixi var. Yatağın sənaye işlənməsi 1860-cı illərdən, burada Siemens qardaşlarının şirkəti işlədiyi vaxtdan məlumdur. Lakin 1917-ci ildə bu mədənlərdə bütün işlər dayandırılıb. Yeni tarix 2008-ci ildən, “Anglo-Asian Mining” və “Azerbaijan İnternational Mining Company” dağ-mədən istehsalat müəssisəsi yaratmağa başlayandan başlayır. Bir il sonra burada ilk qızıl hasil edilib. Odur ki, günümüzdə burada mədən işlədən ilk şirkət olduğumuzu deyə bilərik.
- Kəşfiyyat mərhələsində əldə edilən nəticələr özünü doğrultdumu? Məlum olduğu kimi, bu yataqlarda hələ sovet dövründə kəşfiyyat işləri aparılmışdı. Kəşfiyyatlar nəticəsində nə qədər yeni ehtiyat aşkar edilib?
- “AIMC Gədəbəy”in müqavilə sahəsi təxminən 300 kvadrat kilometrdir. Bu, əhəmiyyətli faydalı qazıntılara malik böyük bir ərazidir. Hazırda üç sahədə hasilat işləri aparırıq. Bunlar Gədəbəyin açıq mədəni və iki yeraltı – biri "Gədəbəy" karyeri altındakı, biri də ona bitişik "Qədir" adlı mədəndir.
Faktiki olaraq, fəaliyyətimizə başladığımız gündən, 2009-cu ildən 2020-ci ilin sonuna qədər şirkət, demək olar, 700 000 unsiya qızıl, 1,3 milyon unsiya gümüş və 13 500 tondan çox mis istehsal edib. Yəni bu, təbii ki, kəşfiyyatın nəticəsidir, kəşfiyyat qrupumuz faktiki olaraq Sovet dövrünün resurs ehtiyatına daxil olmayan yeni yataqlar aşkar edib. AIMC-nin istismar etdiyi "Uğur" və "Qədir" yataqları komandamız tərəfindən aşkar edilib. Biz Sovet məlumatlarından adətən oriyentir kimi istifadə edirik, amma aydındır ki, əvvəllər olan texniki parametrlər bu gün fərqlidir.
Biz daha aşağı dərəcəli filiz çıxara bilərik və texnoloji proseslərimiz və kəşfiyyat imkanlarımız bu gün daha yaxşıdır. Beləliklə, dünən qeyri-mümkün hesab edilən şey bu gün mümkündür. Odur ki, kəşfiyyatın özünü doğrultduğunu və işlənməyə başlamağa imkan verdiyini deyə bilərik.
- Anglo Asian Mining Plc." şirkəti dağ-mədən fəaliyyətində əsasən hansı texnologiyalardan istifadə edir?
- Texnologiyalar yeni resursları, ehtiyatları və s. müəyyən edə bilmək baxımından çox vacibdir. Mənim geologiya və dağ-mədən sənayesi üzrə təcrübəm var, ona görə də kəşfiyyat və geologiya baxımından biz böyük miqyaslardan başlayırıq, tədqiqat obyektini tədricən daraldırıq. Əvvəlcə “WorldView-3” adlı yeni texnologiyadan istifadə etməklə peyk məlumatları yoxlanılır. Bu texnologiya bizə dəyişiklikləri müşahidə etməyə imkan verir ki, bu da minerallaşmanın harada ola biləcəyini müəyyənləşdirməyə imkan verir.
Biz həmçinin elektromaqnit və maqnit geofizikası proqramı olan ZTEM adlı helikopter ilə çəkiliş apardıq.
Bu texnologiya Azərbaycanda ilk dəfə tətbiq edilib, buna görə də onu ölkəyə gətirdiyimiz üçün çox fəxr edirik. Sonra yenə də qabaqcıl texnologiyaların və ən müasir analitik avadanlıqların istifadəsi ilə yerüstü geofizika, geokimya gəlir. Biz həmçinin burada - Bakıda və Londondakı elmi müəssisələrlə də işləyirik.
Şirkət olaraq kəşfiyyatla məşğul oluruq, amma elmin, universitetlərin cəlb edilməsi ilə işimizin tədqiqat tərəfi də var, onun köməyi ilə yeni texnologiyalar hazırlanır.
Növbəti mərhələ hiperspektral skanlama və nüvənin skanlaması adlanan addımdır. Biz süxurların bütün mineralogiyasını və kimyəvi tərkibinin növünü öyrənməyə imkan verəcək avadanlıq əldə etməyə çalışırıq.
Həmçinin dörd emal texnologiyamız var. Məsələn, topa aşındırma əsasən iki formada olur: filizin xırdalanaraq və xırdalanmadan bir başa mədəndən aşındırma sahələrinə göndərilməklə aşındırılması.
Sonra biz xüsusi texnologiyadan istifadə etdiyimiz agitasiya aşındırma adlanan üsulu tətbiq edirik. Dünyanın böyük hissəsi qızıl hasil etmək üçün karbon texnologiyasından istifadə edir, biz isə qətranlardan istifadə edirik. Bu, yüksək keyfiyyətli qızıl əldə etmək üçün yeni texnologiyadır.
Ayrıca, bizdə mis konsentratının istehsalı üçün istifadə edilən flotasiya adlı başqa bir proses də var. Bu zaman iki son məhsul alınır: mis konsentratı və qızıl xəlitələri.
Başqa bir proses SART (sulfidizasiya, turşulaşdırma, saflaşdırma və qatılaşdırma) adlanır. Heç də bütün şirkətlər belə etmir. Topa aşındırma qızıl hasil edir, SART əlavə mis konsentratı istehsal edir və kimyəvi maddələri təkrar emal edir.
AIMC daim müxtəlif texnologiyaları araşdırır, çünki tədqiqatlar həm sənayedə, həm də akademik dairələrdə inkişaf edir, biz də onları tətbiq etməyə, komandanı genişləndirməyə və irəlilədikcə inkişaf etməyə çalışırıq.
- Hazırda Gədəbəydə nə qədər işçiniz var? İşçi personalına münasibətdə nələrə üstünlük verirsiniz?
- Şirkətimiz çox ciddi sağlamlıq və təhlükəsizlik qaydalarına malikdir. Aydındır ki, hər cür texnologiyaya, hər cür avadanlıqlara sahib ola bilərsiniz, amma işləmək üçün insanlar yoxdursa, heç bir nəticə olmayacaq. Biz əməkdaşlarımızın inkişafına və təliminə çox vaxt ayırırıq. 2009-cu ildən bu yana şirkət olaraq əhəmiyyətli dərəcədə böyümüşük. Bu gün Gədəbəydə AIMC işçiləri və müqaviləli işçilər də daxil olmaqla 1 500-ə yaxın əməkdaş çalışır - Azərbaycan Beynəlxalq Mədən Şirkətində təqribən 830 işçi, eləcə də 650-yə yaxın podratçı. Podratçılarımızın əksəriyyəti yerli sakinlərdir. Biz əcnəbi kadrların yerlilərə nisbətini azaltmağa və minimuma endirməyə çalışırıq. Bunun üçün bilik ötürmə proqramlarımız var və biz yerli komandalarımızı yetişdirməyə kömək edirik.
- Şirkətin növbəti il üçün istehsal və ixrac proqnozu dəyişəcəkmi?
- Xeyr, şirkət qızıl xəlitələri və mis konsentratının istehsalını davam etdirəcək. Biz heç bir texnologiya dəyişdirmirik və ya hər hansı digər əsas məhsul istehsal etmirik. Hazırda büdcə planlaşdırma mərhələsindədir, lakin ümumilikdə hasilatı sabit səviyyədə saxlamağa çalışırıq. İxrac məsələsinə gəlincə, burada da heç nəyi dəyişmək fikrində deyilik, indiki qrafikə uyğun hərəkət edəcəyik.
- “Zəfər” mis-qızıl yatağında işlər nə yerdədir, nə kimi uğurlar var? Yataq istismara nə vaxt veriləcək? COVID-19 pandemiyası planlarınıza təsir edibmi?
- Aydındır ki, pandemiya həm ölkə, həm də şirkətimiz üçün çox çətin bir vəziyyətə çevrildi. Amma bizim sağlamlıq və əməyin təhlükəsizliyi şöbəmiz çox yaxşıdır, müəssisələrdə həkimlər, tibb məntəqələri var. Biz Gədəbəy rayonu və onun ətrafında təcrid mərkəzləri yaratmışıq ki, insanlar növbəyə qayıdarkən burada karantin müddəti keçsinlər, daha sonra Gədəbəy mədənlərinə getməzdən əvvəl PZR testlərindən keçsinlər. Ziyarətçilərdən də əraziyə daxil olmaq üçün PZR testlərindən keçmək tələb olunur.
Aydın məsələdir ki, bizdə bəzi xəstələnmə halları olub. Vəziyyət xaricdən avadanlıq tədarükünə də təsirini göstərib. “Zəfər” yatağında Azərbaycandan olan qazma briqadası işləyir. Hazırda sutkada fasiləsiz işləyən beş qazma qurğumuz var. Təhlil AIMC-də aparılır, daha sonra isə keyfiyyətə nəzarət xaricdə aparılır.
Beləliklə, vaxt baxımından hələ də layihənin reallaşdırılması vaxtına kifayət qədər əminik.
“Zəfər” özü mis layihəsidir, ilkin resursların qiymətləndirməsi aparılıb. Söhbət təxminən 8,5 milyon ton mis tərkibli süxurdan gedir ki, onun tərkibində əsasən 51 min ton mis, 82 min unsiya qızıl və təxminən 40 min ton sink var. Qazma nəticələrinə əsasən, biz iqtisadi göstəricilər haqqında təsəvvürə malik olacağıq və gələn ilin birinci yarısında ehtiyatların qiymətləndirilməsi hazır olacaq. İstehsalın 2023-cü ildə başlanması planlaşdırılır. Hələlik təxminən 35 min metr qazma işləri aparsaq da, planlaşdırılmış qazıntı işini başa çatdırmaq üçün hələ təxminən 5 kilometr yolumuz var.
Bu, bizim üçün çox maraqlı layihədir və komanda COVID-19 ilə bağlı məhdudiyyətlərin öhdəsindən kifayət qədər yaxşı gələ bildi, iş qrafikə uyğun davam edir.
- Son olaraq, şirkətin gələcəklə planları nədir?
- Biz faydalı qazıntı çıxarılması ilə bağlı əməliyyatlarımızı genişləndirməyə və yeni imkanlar, yeni ərazilər açmağa davam edirik. Gədəbəy karyerində böyük dərinliklərdə işlədiyimizdən mis indi bizim üçün daha vacib olur. “Zəfər” böyük mis yatağıdır və bu gün bu, çox yaxşıdır, çünki misin qiyməti hazırda bir ton üçün 9 500 ABŞ dollarını keçib. Odur ki, mis AIMC üçün çox vacib resurs olacaq. Təbii ki, bu yeni layihələrlə biz yerli icmalara fayda verməyə və məşğulluğu təmin etməyə davam edə bilərik. Biz həmçinin Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də çox sıx əməkdaşlıq edirik. Odur ki, fəaliyyətimizin gələcəkdə Azərbaycanda dağ-mədən sektorunun inkişafına da kömək edəcəyini hesab edirəm.