​SOCAR rəhbərliyi Sumqayıt Karbamid Zavodunun tikinti işləri ilə tanış olub

​SOCAR rəhbərliyi Sumqayıt Karbamid Zavodunun tikinti işləri ilə tanış olub Layihə üzrə işlərin təxminən 71%-i tamamlanıb
Sənaye
25 May , 2016 17:56
​SOCAR rəhbərliyi Sumqayıt Karbamid Zavodunun tikinti işləri ilə tanış olub

Bakı. 25 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Sumqayıtda SOCAR-ın Karbamid Zavodunun tikinti işləri ilə tanış olub.

"Report"un verdiyi xəbərə görə, zavodun rəhbərliyi görülən işlərlə bağlı R.Abdullayevə hesabat verərək bildirib ki, ümumilikdə layihə üzrə işlərin təxminən 71%-i tamamlanıb, əsaslı layihələndirmə və satınalma işləri demək olar ki, yekunlaşdırılıb. Eyni zamanda, svayların vurulmasının başa çatdırılması, özül fundament işləri, infrastrukturun tikintisi, yeraltı boruların çəkilməsi və digər işlərin isə davam etdirilməsi diqqətə çatdırılıb.

Qeyd olunub ki, zavod kompleksi üçün hazırlanması uzun müddət tələb edən əsas avadanlıqlar mərhələli şəkildə müəssisə ərazisinə gətirilməkdədir.

Daha sonra SOCAR prezidenti artıq zavodda quraşdırılmış İtaliyanın "Macchi" şirkəti tərəfindən istehsal edilmiş 3 ədəd köməkçi buxar qazanına baxış keçirib. Qeyd edilən avadanlıqlar karbamid istehsalı prosesində istifadə olunacaq orta təzyiqli buxarın istehsalı üçün nəzərdə tutulub. Bundan başqa, qeyd edilib ki, növbəti rüb ərzində digər əsas avadanlıqların, o cümlədən avadanlıqlar arasında ən ağırı olan 375 tonluq riforminq sobasının alt konveksiya seksiyasının və 360 tonluq karbamid sintez reaktorunun, həmçinin ən uzun avadanlıq olan 60 metrlik qranulyatorun hava dirəyinin sahəyə gətirilməsi planlaşdırılır. 

SOCAR prezidenti zavodun rəhbərliyi ilə müzakirələr aparıb və tikinti işlərinin məqsədyönlü şəkildə davam etdirilməsi üçün müvafiq tapşırıq və göstərişlərini verib.

Qeyd edək ki, Karbamid Zavodunun inşası layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına (2008-2015-ci illər) əsasən həyata keçirilir. Zavodun tikintisi işləri baş podratçı "Samsung Engineering Co. Ltd." şirkəti tərəfindən aparılır. Zavod 3 istehsal xəttindən - ammonyak istehsalı (istehsal gücü gündə 1 200 ton), karbamid istehsalı (istehsal gücü gündə 2 000 ton) və karbamidin qranulyasiya bölməsindən ibarət olacaq. Zavodun tikinti işlərinin 2017-ci ilin sonuna tamamlanması və müvafiq sınaq-sazlama işlərindən sonra 2018-ci ilin I rübündə istismara verilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi