“SOCAR Polymer”in ixrac gəlirləri 31% artıb
- 31 mart, 2022
- 11:45
Bu ilin yanvar-fevral aylarında Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi “SOCAR Polymer” MMC 39,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 millyon ABŞ dolları və ya 39,4 % artıb.
"SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.