İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “Sənaye 4.0 Hazırlıq Proqramı” (S4HP) çərçivəsində tərəfdaş şirkətlərlə əməkdaşlıq üçün müraciət qəbuluna start verib.
"Report" quruma istinadən xəbər verir ki, proqramın məqsədi şirkətlərin "Sənaye 4.0" hazırlığına dəstək etmək və iqtisadi artıma nail olmaqdır.
Tərəfdaş şirkətlər beynəlxalq ekspertlərin iştirakı ilə bacarıqların artırılması sessiyalarına cəlb olunacaq, S4HP çərçivəsində proqram tərəfdaşı kimi təsdiqlənmək imkanı əldə edəcək.
Proqram çərçivəsində "Sənaye 4.0" yetkinliyin qiymətləndirməsi hesabatının hazırlanması, "Sənaye 4.0" hazırlığının tətbiqi üçün yol xəritəsinin hazırlanması, İnkişaf istiqamətləri üzrə təşəbbüslərin mərhələli yol xəritəsinin hazırlanması nəzərdə tutulur.
Müraciətlər avqustun 28-nə qədər qəbul olunur. Seçilmiş tərəfdaşlarla sentyabrın ilk həftəsində əlaqə saxlanılacaq. 4SİM müraciət prosesinin və yaxud S4HP-nin şərtlərini dəyişdirmək hüququnu özündə saxlayır.