Yuxarı

​Sahibkarlığa Kömək Milli Fondu Ağsuda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bu gündən sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər

Bakı. 30 mart. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il martın 18-də Ağsu rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağsu rayonu üzrə sahibkarlıq subyektlərindən bəzi istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Məlumata görə, həmin istiqamətlərdən biri 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması, ikincisi, pendir, meyvəqurutma və corab istehsalı müəssisələrinin yaradılması və sonuncusu isə intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması istiqamətləridir.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi