Rusiyanın Tatarıstan bölgəsinə məxsus “Ximqrad” SC-yə daxil olan sənaye parkının rezidentləri Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarına investisiya yatırmağa dəvət edilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaları İnkişafı Agentliyindən bildirilib.
Məlumata görə, bu barədə Tatarıstanın “Ximqrad” SC-nin baş direktoru Ayrat Qizzatullin və “İdeya Kapital” İdarəetmə şirkətinin baş direktoru Aleksey Qruşinlə Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyevlə görüşündə qeyd edilib.
Sumqayıt Kimya Sənaye Parkında baş tutan görüşdə qonaqlara sənaye zonaları, burada sahibkarlar üçün yaradılan investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı nümayiş etdirilib.
Görüş çərçivəsində sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, sənaye parklarının təşkili, idarə edilməsi və inkişafı sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib.
Sonda qonalar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Parkın rezidentləri “Azerfloat” QSC-nin Şüşə istehsalı müəssisəsində, “STP” MMC-nin Polimer məmulatları və Ağır maşınqayırma zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.
Bu il aprelin 28-də “Ximqrad”la İqtisadi Zonaların İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.