Qlobal çip böhranı Azərbaycanın avtomobil sənayesinə təsir edəcəkmi?

Sənaye
  • 08 oktyabr, 2021
  • 13:23
Qlobal çip böhranı Azərbaycanın avtomobil sənayesinə təsir edəcəkmi?

Dünyada avtomobil istehsalı üçün lazım olan elektron komponent - çip çatışmazlığı problemi aktual olaraq alır.

Bu il qlobal avtomobil sənayesinin həmin çatışmazlığa görə 210 milyard ABŞ dolları məbləğində itki ilə üzləşəcəyi gözlənilir.

Bu itki dünyada istehsal olunan avtomobillərin sayının ötən illə müqayisədə 7,7 milyon ədəd az olması hesabına yaranacaq. Artı bir sıra avtomobil istehsalçıları çip çatışmazlığına görə zavodlarını bağlamağa başlayıblar. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Qlobal çip böhranı yerli avtomobil sənayesinə təsir edəcəkmi? "Report" bununla bağlı araşdırma aparıb.

Pandemiya dövrünün çətin mərhələsi artıq arxada qalıb

Avto-nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, koronavirus (COVID-19) pandemiyası dövrünün çətin mərhələsi artıq arxada qalıb: “Çip istehsalı sahəsində məşhur olan “Intel” şirkəti açıqlama verib ki, pandemiya dövründə stolüstü və digər oyunlara təlabat artıb. Çiplərin böyük hissəsi isə daha çox həmin sahələrdə istifadə edilib. Bu da çip istehsalında qıtlığa səbəb olub və öz növbəsində dünyanın bir çox aparıcı avtomobil istehsalçı şirkətlərinin istehsal prosesində yubanmalara səbəb olub, xüsusilə də Avropa İttifaqı ölkələrinin iri avtomobil sənayeçiləri istehsallarını azaltmışdılar. Daha sonra məlum oldu ki, Çin bu fürsətdən istifadə edərək avtomobil sənayesində liderliyi ələ almağa çalışır və bu gün Çində istehsal olunan avtomobillərin sayı demək olar ki, Avropa İttifaqı ölkələri ilə eyni səviyyədədir. Hazırda Çinin həm avtomobil istehsalı, həm də satışı artıb”.

Dünyada 2021-2022-ci illərdə avtomobil istehsalı qismən azalacaq

E.Cəfərovun sözlərinə görə, çip çatışmazlığı avtomobil sənayesini pis vəziyyətə qoyub: “Çip istehsal edən şirkətlər monopolist şirkətlərdir və böyük iri avtomobil sənayeçilərinin milyardlarla büdcəsi var. Lakin onlar bu detalı istehsal etməyiblər, özlərində ehtiyat saxlamayıblar. Hazırda isə şirkətlərdən aslı qalıblar. Bu, bir qədər müəmmalı məsələdir. Çip istehsal edən şirkətlərin açıqlamalarına şübhə ilə yanaşıram. Hazırda avtomobil istehsalçıları istehsal prosesini dayandırıblar. Yaponiyanın aparıcı şirkətləri belə bir məlumat yayıbki, 2021-2022-ci illərdə avtomobil istehsalı qismən azalacaq və 5-7% civarında avtomobil istehsalında da azalma olacaq. Dünyada avtomobil istehsalında qıtlıq yaranacaq. 2021-ci ilin 4-cü rübündən 2022-ci ilin ortalarına qədər qıtlıq yaranacaq. Düşünürəm ki, Azərbaycana Yaponiya istehsalı avtomobillərin gətirilməsində problem yaşanacaq. Bu, gözləniləndir”.

Avtomobillər bahalaşıb

Ekspert dünyada avtomobillərin bahalaşdığını deyir və bildirir ki, pandemiya başlayandan qiymətlərdə 5 % civarında artım olub. 2021-ci ildə isə daha 2 % artım qeydə alınıb: "Lakin bu, çip qıtlığı ilə bağlı deyildi. Çip çatışmazlığı məsələsi 2020-ci ilin II yarısında meydana çıxıb. Avtomobillərin ötən il 5% bahalaşmasının əsas səbəbi pandemiya dövründə daşınma xidmətlərinin artması idi. Bu gün avtomobillərin böyük əksəriyyəti müxtəlif ölkələrdən, müxtəlif qitələrdən əsasən su yolu ilə gəmilərlə daşınır. Burada konteyner çatışmazlığı ucbatından daşınma qiymətləri də 5 % yüksəlib. Bu, avtomobillərin satış qiymətinə təsir edib”.

O, bu proseslərin Azərbaycana təsiri ilə bağlı məsələyə də toxunub: “Azərbaycana distributorlər tərəfindən gətirilən avtomobillərin sayında azalma müşahidə ediləcək, qıtlıq yaranacaq. Ola bilər ki, bu qıtlıq rəsmi dillərlər tərəfindən olmasa belə, ikinci əl avtomobil bazarında qiymətlərin artması müşahidə edilə bilər. Amma dillerlərin və distributerlərin gətirdikləri avtomobillərdə çip probleminə görə qiymət artımı olmayacaq”.

Azərbaycanın yerli istehsalı daxili bazara təsir edə bilmir

E.Cəfərov hesab edir ki, ölkə vətəndaşları yerli istehsal avtomobillərə üstünlük verməlidirlər: "Təəssüf ki, ölkədə avtomobil istehsalının əsası yeni qoyulub. İldə 2 000 avtomobil istehsal edirik, bu, elə də böyük rəqəm deyil və Azərbaycanın avtomobil bazarına da təsir etmir. İl ərzində 20 min avtomobil istehsal etsəydik, o zaman bu, bizim avtomobil bazarında dəyişikliklərə səbəb olardı. Azərbaycanın istehsal etdiyi avtomobillərin bazarda böyük paya sahib olsaydı bu, avtomobil bazarında qiymətlərin əlverişli olmasına imkan verərdi, köhnə avtomobillərin ölkəyə daşınmasının qarşısını alardı. Yəni, ildə 2 min avtomobil istehsalı ilə biz avtomobil bazarına təsir edə bilmirik”.

“Azərmaş” çətinlik çəkmir

Azərbaycanda avtomobil istehsalı ilə məşğul olan “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov isə “Report”a açıqlamasında deyib ki, Dünyada çip istehsalının azalmasına görə müəyyən çətinliklər var: “Amma hazırda işin öhdəsindən gəlirik. Çip istehsalına görə problem yaşanmır. Çip istehsalının azalması həcmlərə təsir edir. Lakin bu, kəskin şəkildə deyil. Hazırda istehsalımız davam edir. Lakin bu, bizim istehsal həcmlərimizi artırmağa imkan vermir. Çip aldığımız şirkətlərlə razılaşmalara uyğun olaraq çip idxal edə bilirik. Ümumiyyətlə, indi dünyada həm daşınmanın, həm də ehtiyat hissələrinin satış qiymətləri artıb. Ayrı-ayrı ehtiyat hissələrində fərqli qiymətlərdir. Orta hesabla 15-20% qiymət artımı var. Lakin biz öz avtomobillərimizin satış qiymətlərini saxlamışıq”.

Sonda onu da qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 228,1 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. O cümlədən 1 214 ədəd və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 ədəd və yaxud 3,8 % çox minik avtomobili istehsal olunub.

44 filmi