Prezident: "Qeyri-neft sənayesindəki 23% artım əsasən yeni müəssisələrin hesabınadır"

Prezident: "Qeyri-neft sənayesindəki 23% artım əsasən yeni müəssisələrin hesabınadır" Son illərdə Sumqayıt sənaye baxımından çox uğurla inkişaf edir. Burada bir çox önəmli layihələr icra edilib.
Sənaye
24 Aprel , 2020 18:53
Prezident: Qeyri-neft sənayesindəki 23% artım əsasən yeni müəssisələrin hesabınadır

"Son illərdə Sumqayıt sənaye baxımından çox uğurla inkişaf edir. Burada bir çox önəmli layihələr icra edilib".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında deyib.

"Sumqayıt Texnologiyalar Parkı" uzun illərdir ki, fəaliyyət göstərir. Burada 10-dan çox zavod fəaliyyət göstərir. Ondan sonra "Sumqayıt Kimya Sənaye Parkı" yaradılıb. Yüzlərlə hektar torpağı əhatə edən bu böyük ərazidə bütün infrastruktur layihələri, təmizləmə işləri dövlət xətti ilə aparılmışdır və sonra dövlət və özəl sektor orada investisiya qoymağa başlayıblar. Hazırda "Sumqayıt Kimya Sənaye Parkı"nda bir neçə müəssisənin tikintisi davam edir. Onların arasında əyirici boya fabrikinin tikintisini xüsusi qeyd etməliyəm. Çünki bu, bizim xalçaçılıq sənayemizin inkişafı üçün çox önəmli layihədir. Eyni zamanda, şüşə zavodu da inşa edilir. Biz şüşələri xaricdən idxal edirik və bu zavod işə düşəndən sonra artıq idxaldan asılılığı aradan götürəcəyik", - deyə o qeyd edib.

Bundan başqa, dövlət başçısının sözlərinə görə, Sumqayıtda Azərbaycan sənayesinin flaqmanları sayılan iki nəhəng sənaye müəssisəsi inşa edilib: "Polimer və karbamid zavodları həm daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanları yaranıb. Bu ixracın əhəmiyyəti ondadır ki, bu, qeyri-neft ixracıdır. Bizim də əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır. Bildirməliyəm ki, indi dünyada böhranlı vəziyyətdir, demək olar, ölkələr arasındakı iqtisadi əlaqələr müəyyən dərəcədə zədələnib və iqtisadi fəallıq bütün dünyada aşağı düşüb. Buna baxmayaraq, üç ayda Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 23%-dir. Bunun böyük hissəsi yeni yaradılmış sənaye müəssisələrinin hesabınadır. Beləliklə, biz bu müəssisələri yaratmaqla həm daxili tələbatı ödəyirik, idxaldan asılılığı aradan götürürük, həm də vətəndaşları işlə təmin edirik. Artıq Sumqayıtda minlərlə yeni iş yeri yaradılıb. Son illər ərzində Sumqayıtda bütün sənaye və infrastruktur obyektlərinin açılışlarında mən şəxsən iştirak etmişəm. Son 16 il ərzində bəlkə də 30 dəfəyə yaxın Sumqayıtda olmuşam və şəhərin inkişafı ilə bağlı şəxsən maraqlanıram, bütün məsələləri nəzarətdə saxlayıram".

"Bu gün Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye şəhəridir. Vaxtilə Sumqayıt yaradılanda Sovet İttifaqının kimya sənayesinin mərkəzi kimi nəzərdə tutulurdu və bu funksiyanı yerinə yetirirdi. Ancaq sumqayıtlılar yaxşı bilirlər ki, ekoloji vəziyyətə çox böyük zərbə vurulmuşdu. Sumqayıt ekoloji fəlakət zonası idi və Sovet İttifaqı məkanında bəlkə də ekoloji baxımdan ən çirklənmiş şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt Azərbaycanın ekoloji baxımdan ən təmiz şəhərlərindən biridir. Çünki burada yaradılmış bütün yeni müəssisələr ekoloji normalara tam cavab verir. Köhnə müəssisələr artıq bağlanıb, onların əraziləri yeni sənaye parklarının sərəncamına verilib. Bu gün Sumqayıtda təmiz hava artıq adi hala çevrilib. Halbuki Sumqayıtda yaşayan insanlar, xüsusilə yaşlı nəsil yaxşı xatırlayır ki, burada ekoloji vəziyyət çox ağır idi. Sumqayıtın yanından maşınla keçənlər də pəncərəni bağlayırdılar ki, o iylər onlara təsir etməsin. Biz şəhərin inkişafına kompleks şəkildə yanaşırıq və sənaye potensialının artırılması bundan sonra da davam edəcək. Ona görə ikinci qaz xəttinin istifadəyə verilməsi həm bu günün tələbatını ödəyir, həm də bundan sonra inşa ediləcək, yaradılacaq müəssisələrin potensialını nəzərdə tutur", - deyə İ.Əliyev əlavə edib. 

Son xəbərlər

Orphus sistemi