Yuxarı

Qazax və Gəncədə İqtisadiyyat və Sənaye Nazirliyinin təlimləri keçirilib

İştirakçılar Kənd təsərrüfatında logistik menecment haqqında maarifləniblər

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

"Report" xəbər verir ki, Qazaxda təşkil edilmiş treninq "Kənd təsərrüfatında logistik menecment" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında olub.

Tədbirdə iştirakçılar logistik sistemlər, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması, əmtəə hərəkətinin və logistik infrastrukturun və logistik xərclərin idarə edilməsi və s. haqqında məlumatlandırılıblar.

Aprelin 2-də isə Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və "Sahibkar Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə gənclər üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

Tədbirdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan əlavə, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi