Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında əsas prioritet inkişaf sahələri kənd təsərrüfatı, turizm, dağ-mədən sənayesi və logistikadır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov Zəngilan şəhərində keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA 2) bildirib.
"Bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyət problemini həll etməkdir. Bu məqsədlə Ağdam və Cəbrayıl rayonlarında sənaye parkları yaradılıb. Bu ərazilərdə iqtisadi fəaliyyəti stimullaşdırmaq üçün dövlət Şərqi Zəngəzur və Qarabağda xüsusi imtiyazlar paketi hazırlayıb", - deyə o qeyd edib.
Xatırladaq ki, dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023” keçirilir.
Qeyd edək ki, NUFA2-nin növbəti sessiyaları paytaxt Bakıda təşkil olunacaq və oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 2-də isə Bakı ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu altında əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.