Yuxarı
    Bağlamaq

    ​Prezident: "Biz Belarusda Azərbaycan kənd təsərrüfatı məhsullarının emalı məsələsini nəzərdən keçirməyə hazırıq"

    İqtisadi əlaqələrin möhkəmlənməsi, biznes strukturlarının fəal qarşılıqlı əlaqəsi üçün çox möhkəm siyasi baza vardır

    Bakı. 29 noyabr. REPORT.AZ/ "Biz Azərbaycanda Belarus texnologiyaları əsasında başqa istehsalatlar yaradılması məsələlərini, həmçinin Belarusda Azərbaycanın kənd təsərrüfatı məhsullarının emal edilməsi üzrə istehsalatlar yaradılmasını nəzərdən keçirməyə hazırıq".

    "Report" xəbər verir ki, bunu Minskdə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə mətbuata birgə bəyanat zamanı bildirib.

    "Bu gün mühüm sənədlər imzalanıb, onlar müxtəlif istiqamətlər üzrə gələcək inkişafımızı müəyyən edəcək. Prezidentlər tərəfindən Birgə Bəyannamə imzalanmasını xüsusi qeyd etmək istərdim. Bu Bəyannamə bizim həyat fəaliyyətimizin demək olar ki, bütün sahələrini əhatə edir. Orada bizim bir-birimizi daim dəstəklədiyimiz beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətimiz barədə də danışılır. İqtisadi, siyasi əməkdaşlıq, humanitar, sənaye istehsalı, hərbi-sənaye sahələrində əməkdaşlıqdan bəhs edilir. Bizim aramızda bütün bu istiqamətlər üzrə çox sıx münasibətlər, dostluğa, qardaşlığa, qarşılıqlı etimada əsaslanan münasibətlər yaranıb. Aleksandr Qriqoryeviçlə bu gün qeyd etdiyimiz kimi, biz bu münasibətləri illər boyu qurmuşuq. Bu gün həmin münasibətlərin səviyyəsi xalqlarımızın mənafelərinə uyğundur və bu münasibətləri strateji tərəfdaşlar arasındakı münasibətlər kimi səciyyələndirməyə imkan verir", - deyə İlham Əliyev bildirib.

    Onun sözlərinə görə, "biz həmişə bir-birimizi dəstəkləməyə çalışmışıq və bundan sonra da bizdən asılı olan nə varsa edəcəyik ki, Belarus və Azərbaycan daim bir-birinin dəstəyini hiss etsin. Beynəlxalq strukturlarda, iqtisadi kooperasiya çərçivəsində də bütün məsələlərdə bizim çox səmimi münasibətlərimiz var".

    Dövlət başçısı imzalanan sənədlərlə iqtisadi sahədə gələcək qarşılıqlı fəaliyyətin yollarının müəyyən edildiyini bildirib:

    "Əlbəttə, Aleksandr Qriqoryeviçin fikrinə mən də şərikəm ki, böhran şəraitində ölkələrimiz arasında əmtəə dövriyyəsinin sabit qalması sevindirici haldır. Biz bu gün əmtəə dövriyyəsini xeyli artıra biləcək layihələri də çox ətraflı müzakirə etdik. Biz qarşılıqlı ticarətə daha artıq diqqət yetirməliyik, o cümlədən başqa ölkələrdən idxal etdiyimiz malları Belarusdan Azərbaycana, Azərbaycandan Belarusa idxal etməliyik. Müştərək istehsalatlar yaradılmasının artıq yaxşı tarixi var. Gəncə zavodu buna nümunədir, orada çox qısa müddətdə, bir ildən az vaxtda Belarus texnologiyaları üzrə istehsal qaydaya salınıb. Bu gün həmin zavod Azərbaycan ərazisində mühüm sənaye obyektidir.

    Biz Azərbaycanda Belarus texnologiyaları əsasında başqa istehsalatlar yaradılması məsələlərini, həmçinin Belarusda Azərbaycanın kənd təsərrüfatı məhsullarının emal edilməsi üzrə istehsalatlar yaradılmasını nəzərdən keçirməyə hazırıq. Başqa sözlə desək, iqtisadi əlaqələrin möhkəmlənməsi, biznes strukturlarının fəal qarşılıqlı əlaqəsi üçün çox möhkəm siyasi baza vardır. Mənim Belarusa növbəti səfərim bunu əyani şəkildə təsdiq edir. Bu il Aleksandr Qriqoryeviç birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana gəlmişdi. Fürsətdən istifadə edib, Aleksandr Qriqoryeviçi gələn il Azərbaycana rəsmi səfərə bir daha dəvət etmək istəyirəm".

    İlham Əliyev qeyd edib ki, bu səfərlər bizim xalqlarımız və region üçün yaxşı siqnaldır.

    "Onlar praktiki baxımdan da çox faydalıdır, çünki səfərlər çərçivəsində biz planlar, layihələr barədə razılığa gəlir, sonra onları reallaşdırırıq. Mənim fikrimcə, münasibətlərimizin bir xüsusiyyəti də ondan ibarətdir ki, biz nə barədə razılığa gəlsək, onu yerinə yetiririk. Biz etibarlı tərəfdaşlarıq və münasibətlərimizi, dostluğumuzu qiymətləndiririk. Əminəm ki, münasibətlərimizin davamlı inkişafı gələcəkdə də təmin ediləcək. Belarus və Azərbaycan iki dost kimi uğurla irəliləyəcək", - deyə dövlət başçısı bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi