Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədə ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqi illik istehsal gücünü 13% artıraraq 3,2 mln. tondan 3,6 mln. tona çatdırıb. "Report"un ARDNŞ-a istinadən verdiyi xəbərə görə, bu göstərici etilen və PTA zavodlarına 144 mln. dollar sərmayənin yatırılması ilə əldə olunub.
Belə ki, etilen zavodunun illik istehsal gücü 520 min tondan 588 min tonadək artırılıb.
“Petkim”in baş direktoru Sadəddin Qorqud bildirib ki, istehsal gücünün artımı ilə şirkətin müəssisələrində təbii qaz sərfi azalacaq, məhsuldarlıq və mənfəət isə artacaq.
S.Qorqud külək elektrik stansiyası və "Petkim" konteyner limanı layihələri ilə bağlı intensiv iş getdiyini, gələn ilin sentyabr ayında artıq limana ilk gəmilərin yanaşacağını bildirib. Külək elektrik stansiyası tikintisinin 2015-ci ilin sonunda tamamlanması planlaşdırılır. Bu layihənin ilk mərhələsi başa çatdıqdan sonra stansiya şirkətin elektrik enerjisinə olan ehtiyacının 12%-ni ödəmiş olacaq.