Yuxarı

Ötən ay kərə yağı, mal və qoyun ətinin qiyməti bahalaşıb

Beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub

Bakı. 14 aprel. REPORT.AZ/ Cari ilin mart ayında ərzaq məhsullarının qiymətləri 1,8%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9% bahalaşıb.

“Report” Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ay ərzində toyuq ətinin, yumurtanın, göyərtinin qiymətlərində ucuzlaşma, buğda ununun, düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kərə yağının, qarğıdalı və zeytun yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kökün, çuğundurun, soğanın, sarımsağın, kartofun, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.

Mart ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, iri və kiçik alət və avadanlıqların, minik avtomobili və minik avtomobilləri üçün ehtiyyat hissələrinin, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava və dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi