Ötən ay Bakıda sənaye istehsalının həcmi açıqlanıb
- 24 fevral, 2024
- 11:37
Bu ilin yanvar ayında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,3 milyard manat təşkil edib.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda sənaye məhsulunun 79,1 %-i mədənçıxarma, 18,3 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,3 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 86 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,7 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,3 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin fevralın 1-nə 438,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 65,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Xatırladaq ki, bu ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 9,1 milyard manatlıq və ya 2023-cü ilin yanvar ayı ilə müqayisədə 5 % çox ümumi daxili məhsul istehsal edilib.