Azərbaycan sənayesinin hərtərəfli inkişafa və şaxələndirməyə ehtiyacı var.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.
"Biz başa düşürük ki, transformasiya çox önəmlidir və sənayemiz transformasiyadan keçməlidir. Geniş mənada hərtərəfli inkişafa, şaxələndirməyə ehtiyac var. Bu məsələdə ən mühüm amil IV sənaye inqilabıdır. İlkin olaraq strategiyamız sənayenin transformasiyasını və biznesi özündə birləşdirəcək. Burada da ən mühüm addımlarından hüquqi çərçivə ilə birliktə növbəti nəsil texnoloji mərkəzin yaradılmasıdır. Bu da öz növbəsində Türkiyədəki fəaliyyətlərlə uyğundur. Bununla bağlı çox təqdirəlayiq işlər həyata keçirilib. Biz ən yaxşı yolları arayıb tapmaq istəyirik. Onların nümunələrindən yararlanmaq istəyirik. İnanırıq ki, bu mərkəz mütəmadi olaraq rəqəmsal transformasiyanı öyrənməyə və müxtəlif sahələrdə tətbiq etməyə şərait yaradacaq. Bu proses gələcəkdə sektorun məhsuldarlığına 30 % töhfə verəcək. Ümidimiz budur", - deyə o qeyd edib.
Bundan başqa, nazirlik rəsmisi deyib ki, hökumət Azərbaycan iqtisadiyyatında əlverişli mühit formalaşdırmağa çalışır: "Bununla bağlı görülən işlər özündə startaplar üçün proseslərin sadələşdirilməsini ehtiva edir. Burada həm vergi imtiyazları, həm də əqli mülkiyyət hüquqlarının mühafizəsi həm yerli, həm də xarici investisiyaların cəlb edilməsinə töhfə verir. Üçüncü məsələ isə işçi qüvvəsinin inkişafına töhfə verməkdir".