Mikayıl Cabbarov: "İxrac məqsədilə daxildə emaldan istifadə edən şirkətlərin sayı 77 % artıb"

Mikayıl Cabbarov: "İxrac məqsədilə daxildə emaldan istifadə edən şirkətlərin sayı 77 % artıb" 2023-cü ildə ixrac məqsədilə daxildə emal prosedurundan istifadə edən şirkətlərin sayı 2022-ci illə müqayisədə 77 % çox olub.
Sənaye
16 Fevral , 2024 14:52
Mikayıl Cabbarov: İxrac məqsədilə daxildə emaldan istifadə edən şirkətlərin sayı 77 % artıb

2023-cü ildə ixrac məqsədilə daxildə emal prosedurundan istifadə edən şirkətlərin sayı 2022-ci illə müqayisədə 77 % çox olub.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Sənayenin inkişafına və ixrac fəaliyyətinin genişləndirilməsinə töhfə verən daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi müsbət nəticələr verir. Bu sahədə müvafiq qaydaların təkmilləşdirilməsi və sadələşdirilməsi nəticəsində ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85 %, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77 % artım müşahidə edilib", - deyə o qeyd edib.

***

İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deylir ki, Azərbaycanda həyata keçirilən daxildə emal xüsusi gömrük proseduru müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədilə ölkə ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarətdir. Emal əməliyyatları dedikdə, malların hazırlanması, emalı, təkrar emalı və təmiri başa düşülür. Ölkəmizdə malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi əsasən, iki istiqamətdə - təmir və emal məqsədilə həyata keçirilir. Prosedur emal və xidmət sektorunun inkişafına, ixrac fəaliyyətinin stimullaşdırılması məqsədilə tətbiq olunur.

Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarına indiyə qədər bir sıra dəyişikliklər edilib. Dəyişikliklər nəticəsində prosedur sahibi sifariş müqaviləsi ilə yanaşı, alqı-satqı müqaviləsi əsasında da istənilən ölkədən xammal və yaxud materialı ölkəyə gətirib qanunvericilikdə nəzərdə tutulan müddətdə emal edərək istənilən ölkədəki alıcıya ixrac etmək imkanı əldə edib. Bununla yanaşı, gömrük borcunun ödənilməsinə məcburi təminatın verilməsi aradan qaldırılıb, həmçinin prosedurdan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi sadələşdirilib.

Sahibkarlıq subyektlərinin prosedur üzrə müraciətlərinin təhlili göstərir ki, 2022-ci ilin may ayında təminat tələbinin məcburiliyinin aradan qaldırılmasından sonra prosedurdan daha aktiv istifadə edilməyə başlanılıb. Eyni zamanda, 2023-cü ilin aprel ayında alqı-satqı müqaviləsi əsasında da prosedurdan istifadə imkanının yaradılmasından sonra yeni müəssisələr prosesə qoşulub.

Sahibkarlar prosedur üçün Dövlət Gömrük Komitəsinə birbaşa və yaxud müvafiq yerli orqanlar vasitəsilə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi