Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində yeni qızıl yataqları kəşf edilib. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov bildirib.
"İki qızıl yatağında işlər aparılıb. Daha bir neçə yerdə qızıl yataqları kəşf edilib. Kəşf olunan yataqlar üzərində hazırda hesablama işləri aparılır", - deyə nazir qeyd edib.
H.Bağırov əlavə edib ki, aşkarlanan yeni qızıl yataqları əsasən Kiçik Qafqazın və Böyük Qafqazın şimal hissəsində yerləşir: "Yenə də qazıntı işləri aparılır. Yeni qızıl yataqları aşkara çıxarılır".
H.Bağırov həmçinin xatırladıb ki, 2014-cü ildə Azərbaycanda ilk dəfə qızıl yataqlarının atlası nəşr olunub: "Bu, Ekologiya Nazirliyinin təşəbbüsü ilə nəşr edilib".
Xatırladaq ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. "Gədəbəy" yatağından ilk qızıl hasilatına 2009-cu ildə başlanılıb.
Qeyd edək ki, 2014-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 1 684,3 kq qızıl və 231,9 kq gümüş hasil olunub. 2013-cü ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 11,9% artıb, gümüş hasilatı isə 62,2% azalıb.