Mingəçevir Sənaye Parkının rezidentləri 7 il vergidən azad ediləcək

Mingəçevir Sənaye Parkının rezidentləri 7 il vergidən azad ediləcək "Parkın ərazisində qeyri-neft sənaye sahələri, o cümlədən emalı müəssisələrinin yaradılması nəzərdə tutulur"
Sənaye
12 Mart , 2015 19:47
Mingəçevir Sənaye Parkının rezidentləri 7 il vergidən azad ediləcək

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Mingəçevirdə “Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda tədbir keçirilib.

“Report” nazirliyə istinadən bildirir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, müəssisə və təşkilatların, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Mingəçevir Şəhər İcra Hahimiyyəti başçısının müavini İlham İsmayılov Azərbaycanın bölgələrində həyata keçirilən abadlıq-quruculuq işlərinin Mingəçevir şəhərində də davam etdirildiyini, sahibkarlıq təşəbbüslərinin dəstəkləndiyini, müasir infrastruktur və istehsal müəssisələrinin yaradıldığını, yeni iş yerlərinin açıldığını və əhalinin həyat səviyyəsinin daha da yüksəldiyini diqqətə çatdırıb.

Nazirliyin Sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov qeyri-neft sənayesinin inkişaf etdiyini, onun ixrac imkanlarının genişləndiyini diqqətə çatdırıb: "Müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək sənaye gücləri yaradılır. Mingəçevirdə sənaye parkının yaradılması iqtisadi cəhətdən fəal şəhər əhalisinin, o cümlədən şəhərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin işlə təmin olunmasında mühüm rol oynayacaq. Parkın ərazisində qeyri-neft sənaye sahələri, o cümlədən yüngül sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulur".

Tədbirdə Mingəçevir Sənaye Parkının yaradılmasının və tətbiq ediləcək güzəştlərin xarici investisiyaların cəlb edilməsində əhəmiyyəti, yeni texnologiyaların, “know-how”, eləcə də digər bilik və bacarıqların tətbiqinin sənaye potensialının inkişafına müsbət təsir göstərəcəyi diqqətə çatdırılıb.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor vəzifəsinin icraçısı Nazim Talıbov vurğulayıb ki, hazırda Azərbaycanda 3 sənaye və 2 yüksək texnologiyalar parkı yaradılıb: "Bu gün sənaye parkları investisiya layihələri üçün regionda ən cəlbedici güzəştlər və stimullaşdırıcı tədbirlər portfelini təklif edir. Digər sənaye parklarında olduğu kimi, Mingəçevirdə yaradılan sənaye parkının rezidentləri də 7 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən, həmçinin Sənaye Parkına idxal etdikləri avadanlıqlara görə ƏDV-dən azad olunacaqlar. 14.8 ha ərazidə yaradılan Mingəçevir Sənaye Parkının idarəedici təşkilatı “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir".

Tədbirdə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” barədə də məlumat verilib. Qeyd olunub ki, qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülüb. Proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialının və elmi təminatın gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi kimi mühüm istiqamətlər nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi