Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan Karbamid Zavodunun tikintisi üzrə işlərin 40%-dən çox hissəsi tamamlanıb. "Report" xəbər verir ki, bu barədə zavodun direktoru Xəyal Cəfərov məlumat verib: "Layihə üzrə həm əsaslı, həm də detallı mühəndislik işləri tamamlanıb. Avadanlıqların 96%-dən çox hissəsi artıq ölkədədir. Avadanlıqlar Amerika, Avropa və Asiyadan nüfuzlu şirkətlərindən alınıb".
X.Cəfərov xatırladıb ki, tikinti işləri 2017-ci ilin sonuna tamamlanacaq və sınaq testlərinə başlanacaq. Onun sözlərinə görə, 2018-ci ildə zavod SOCAR-a təhvil veriləcək.
Qeyd edək ki, Karbamid Zavodunun inşası layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Bu məqsədlə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcək. Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək.