Yuxarı
    Bağlamaq

    Karbamid Zavodunun tikinti işlərinin 89%-i tamamlanıb

    Bunu Bakıda keçirilən beynəlxalq neft-qaz konfransında Zavodun direktoru Xəyal Cəfərov bildirib
    © Report.az

    Bakı. 1 iyun. REPORT.AZ/ Sumqayıtda həyata keçirilən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun tikinti işlərinin 89%-i tamamlanıb.

    "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Xəzər neft-qaz konfransında çıxışında Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib. 

    Onun sözlərinə görə, ümumilikdə layihə üzrə işlərin 95%-i icra olunub. Karbamid Zavodunun direktoru qeyd edib ki, əməliyyat müddətində 300-350 nəfər işçi çalışacaq.

    X.Cəfərov maliyyələşmə məsələsindən də danışaraq qeyd edib ki, 251 mln. avro Koreya "Eximbank" (KEXIM) tərəfindən, daha 249 mln. avro isə "UniCredit", "Societe Generale", "Deutsche Bank" tərəfindən kredit xətti kimi KEXIM-in zəmanəti ilə ayrılıb: "Layihə ilkin mərhələdə dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşib".

    Zavodun direktoru müəssisədə ildə 650-660 min ton karbamid istehsal olunacağını bildirib. Onun sözlərinə görə, istehsalın 150 min tonu və ya 25% yerli bazar üçün nəzərdə tutulub. X.Cəfərov bildirib ki, daxili bazarda tələbatın artmasından asılı olaraq bu həcm 250 min tona qədər arta bilər: "İstehsal olunan məhsulun qalanı isə ixraca yönəldiləcək".

    Qeyd edək ki, Karbamid Zavodunda mexaniki işlər bu ilin dekabr ayında tamamlanacaq, gələn ilin II rübündə zavod SOCAR-a təhvil veriləcək.

    Bu zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" (2008-2015-ci illər) və "Azərbaycan Respublikasında sənayenin inkişafına dair Dövlət Proqramı" (2015-2020-ci illər) çərçivəsində tikilir. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkətləri arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" prinsipi əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları müvafiq olaraq "Haldor Topsoe" (Danimarka) və "Stamicarbon B.V" (Niderland) şirkətləridir. Layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri Finlandiyanın "Neste Jacobs Oy" şirkəti tərəfindən göstərilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi