Azərbaycanda mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 8 400-dən artıq yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Bunu "Report"a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh") deyib.
O bildirib ki, sənaye zonaları üzrə 153 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: "İndiyədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb. 10 min 500-dən artıq daimi iş yeri yaradılıb".
Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidentinin Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında 2021-ci il 22 yanvar tarixli Fərmanı ilə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin bazasında dövlət hüquqi şəxsi kimi yaradılıb. Hazırda ölkədə Sumqayıt Kimya, Mingəçevir, Qaradağ, Pirallahı, Balaxanı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları fəaliyyət göstərir.