İZİA: Azərbaycanda ilin sonunadək tikinti kimyəvilərin istehsalına başlanılacaq
- 14 iyun, 2024
- 12:09
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərən tikinti kimyəvilərin istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir.
"Report" bu barədə İZİA-ya istinadən xəbər verir.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir. Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə artıq 15 milyon manat sərmayə qoyulub.
Zavodda tikinti kimyəvilərin istehsalı ilə yanaşı, ölkə ərazisində ilk dəfə olaraq müasir, müxtəlif təyinatlı su izolyasiya materialların və zəmin döşəmə məhsulların istehsalı da nəzərdə tutulur.
“Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, müəssisənin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır.
İZİA hesab edir ki, sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.