İran şirkəti Azərbaycanda istehsal edəcək məhsulları Rusiyaya ixrac etmək istəyir
- 03 iyun, 2022
- 08:00
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın “Dorna” şirniyyat istehsalı fabriki Azərbaycanda müəssisə inşa edib, istehsal ediləcək məhsulları isə Rusiyaya ixrac etmək istəyir.
Bunu “Report”a İran şirkətinin nümayəndəsi Sina Jud deyib.
S.Jud hesab edir ki, Azərbaycan bazarının potensialı böyükdür və burdan rahatlıqla Rusiya bazarına daxil olmaq mümkündür.
Onun sözlərinə görə, Azərbaycan bazarında İran məhsullarına tələbat var: “Son bir ildir ki, Azərbaycan bazarına məhsullarımızı “Veysəloğlu” MMC tərəfindən tədarük edilir. Müəssisəmizin bir il ərzində Azərbaycana göndərdiyimiz məhsulların dəyəri 1 milyon avro təşkil edib və ixracın həcmini artırmağı planlaşdırırıq”.
S.Jud vurğulayıb ki, bu il mayın 15-də Bakıda keçirilən “CASPINDEXPO 2022" beynəlxalq ticarət və sənaye sərgisində iştirak etdik: “Sərgi çərçivəsində məshullarımızı bir daha tanıtdıq, həmçinin Azərbaycanda olarkən sorğu həyata keçirdik ki, bizim hansı məhsullarımıza tələbatın olduğunu müəyyənləşdirmək üçün. Bizim məhsullar Türkiyə şirniyyatlarının əsasında hazırlanır, lakin daha ucuz qiymətə bazara təqdim edilir”.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 440 milyon 810 min ABŞ dolları təşkil edib. İrana ixrac 43 milyon 287 min ABŞ dolları, idxal isə 397 milyon 523 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-aprel aylarında isə iki ölkə arasında ticarət dövriyyəsi 165 milyon 718 min ABŞ dolları təşkil edib.