İqtisadiyyat Nazirliyi sosial-iqtisadi inkişaf konsepsiyası ilə bağlı sahəvi qurumlarla işləyir, sənəd bu ilin avqust ayında təqdim ediləcək.
“Report” xəbər erir ki, bunu nazirin müşaviri Xaqani Abdullayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
O, deputat Vahid Əhmədovun ölkənin bütün bölgələrində sənaye parklarının yaradılması ilə bağlı təklifinə də münasibət bildirib: "Hazırda sənaye zonalarında 10 mindən çox insan işləyir. Hər bölgədə sənaye zonası yaratmaq olmaz. Çünki, bu zonaya investorlar gəlməli, bölgənin iqtisadi potensialı buna imkan verməlidir. Hazırda Qarabağda iki sənaye zonası var. Bu zonalarda 1 000-dən çox iş yerinin yaradılması nəzərədə tutulub. Bundan başqa, Naxçıvanda yeni sənaye zonası yaradılır. Hacıqabul Sənaye Məhəlləsinin isə sənaye zonasına çevrilməsi nəzərdə tutulur".