​İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası keçirilib

​İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası keçirilib Azərbaycan iqtisadiyyatının bütün sahələrində inkişafın təmin edilməsi məqsədi ilə Tədbirlər Planının hazırlanması qərara alınıb
Sənaye
20 Aprel , 2015 17:11
​İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası keçirilib

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.

“Report” nazirliyin məlumatına əsasən bildirir ki, nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, Kollegiyanın sədri Şahin Mustafayev 2015-ci ilin I rübündə qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Vurğulanıb ki, ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında ötən il başlamış və hazırda da davam edən qeyri-sabitliyin mənfi təsirinin qarşısının alınmasında həyata keçirilən sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malikdir. Görülmüş işlərin nəticəsi olaraq, 2015-ci ilin I rübündə ÜDM 5,3% artıb, sənayedə 3,5%, kənd təsərrüfatında 3,4%, rabitədə 9,3%, tikintidə 13,2%, nəqliyyatda 5%, ticarətdə 9,6%, ümumilikdə qeyri-neft sektorunda 7%-lik artıma nail olunub. Hazırda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 68%-i ötüb. Bu ilin ilk üç ayında 30 minə yaxın yeni iş yeri açılıb, əhalinin gəlirləri 5,3% artmaqla inflyasiyanı 2 dəfəyədək üstələyib, istehlak bazarının sabitliyi təmin edilib.

Kollegiya iclasında nazir Ş.Mustafayev qeyd edibr ki, dövlət başçısı tərəfindən biznes mühitinin daha da yaxşılaşdırılması, ixrac imkanlarının genişləndirilməsi, ixrac nomenklaturunun genişlәndirmәsi və yeni bazarların araşdırılması, Qazaxıstanın Aktau şәhәrindә yaradılan logistika bazasında bu ilin sonuna qәdәr real nәticәnin əldə olunmasına dair vəzifələr müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, dövlət başçısı həmçinin, sosial layihələrin və bütün sosial proqramların tam şəkildə icrası, məktəb, xəstəxana, uşaq bağçalarının, peşə məktəblərinin tikintisinin davam etdirilməsi, bölgәlәrdә elektrik enerjisi ilә təminatın, xüsusilə ötürücü xәtlәrlә bağlı vəziyyətin yaxşılaşdırılması və içməli su ilə təminatın səviyyəsinin yüksəldilməsi barədə tapşırıqlar verib.

Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi çıxışından irəli gələn və İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulan vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

İclasda həmçinin çoxmənzilli binalarda Mənzil Məcəlləsi ilə müəyyən olunmuş yeni idarəetmə üsullarının tətbiqi sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə hesabat dinlənilib.

Son xəbərlər

Orphus sistemi