Yuxarı

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu elmi-tədqiqat işlərini davam etdirir

İnstitut ali təhsil müəssisələrində texnoparkların yaradılması istiqamətində araşdırmalar aparır

Bakı. 1 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu əvvəlki illərdə olduğu kimi, ötən ildə qeyri-neft sektorunun, regionların, sahibkarlığın, sosial sahələrin, ixrac potensialının artırılması, qısa, orta, uzunmüddətli proqnoz və planların tərtib olunması və s. sahələr üzrə elmi-tədqiqat və analitik təhlil işləri aparıb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Elmi Tədqiqat İnstitutu tərəfindən yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası istiqamətində tədbirlər həyata keçirilib.

Elmi-tədqiqat işləri ilə yanaşı, İnstitut beynəlxalq təşkilat və maliyyə qurumları ilə birlikdə kadr potensialının gücləndirilməsi, birgə tədqiqat işinin aparılması, xarici əlaqələrin daha da genişləndirilməsi məqsədilə forum, konfrans, seminar, dəyirmi masa, təlim və s. tədbirlər təşkil edib.

Ötən dövr ərzində BMT-nin iqtisadi qurumları, İslam İnkişaf Bankı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. maliyyə qurumları, o cümlədən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadi yönümlü elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq davam etdirilib, müxtəlif sahələr üzrə birgə tədqiqatlar aparılıb.

Universitet-sənaye işbirliyi çərçivəsində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən ali təhsil müəssisələrində texnoparkların yaradılması istiqamətində araşdırmalar aparılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bununla belə, sahibkarların maarifləndirilməsi məqsədilə “Loqistika terminlərinin izahlı lüğəti”, “Müəssisənin rəqabətqabiliyyətliliyini necə yüksəltməli?” və “İnnovasiya sual-cavabda” adlı yardımçı vəsaitlər hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi