​“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun vurulub

​“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun vurulub Biznes inkubatorun 12 iştirakçısı təlimlərdə fəal iştiraka görə sertifikatlara layiq görülüblər
Sənaye
30 Yanvar , 2015 19:50
​“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun vurulub

Bakı. 30 yanvar. REPORT.AZ/ Yanvarın 30-da Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin biznes inkubator iştirakçıları arasında elan etdiyi “İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib. Bu barədə "Report"a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müsabiqənin keçirilməsində başlıca məqsəd biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənc sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, daha perspektivli və innovativ biznes ideyaların müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları və Xaçmaz şəhərində fəaliyyət göstərən gənc sahibkarlar və menecerlər iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov hazırda gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, biznes layihələrin, startapların dəstəklənməsi, yeni innovativ ideyaların reallaşdırılması üçün aidiyyəti üzrə tədbirlər həyata keçirilir, gənclərə konsaltinq və informasiya xidmətləri göstərilidiyini deyib. Önun sözlərinə görə, 2014-cü ildə 1249 gənc sahibkara 49,7 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 2400-dən çox yeni iş yeri yaradılıb. Bundan başqa, hər il iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir qrup gənc sahibkar və menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. Təkcə 2014-cü ildə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 47 gənc sahibkar və menecer Almaniyada təcrübə keçib.

Gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin təşviq olunması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-cü ildən “Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi” həyata keçirilir. 2014-cü ildə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyətə başlayıb. Artıq biznes-inkubatorun fəaliyyətinin birinci mərhələsi başa çatıb. Belə ki, biznes inkubatorun ilk iştirakçısı olmuş 20 gənc sahibkara müvafiq biliklər verilib. Ötən il həmçinin, biznes inkubator iştirakçıları arasında “İdeyadan biznesə doğru” müsabiqəsi elan edilib, müsabiqəyə kənd təsərrüfatı, turizm, kommersiya və s. sahələr üzrə 16 biznes ideya təqdim olunub.

Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi ilə elan olunmuş “İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri elan olunub, onlara mükafat və hədiyyələr təqdim edilib. Bundan başqa, biznes inkubatorun 12 iştirakçısı təlimlərdə fəal iştiraka görə sertifikatlara layiq görülüblər.

Son xəbərlər

Orphus sistemi