İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində istehsal olunmuş məhsulun ilk dəfə ixracına başlanılır.
Bu barədə "Report"a agentlikdən bildirilib.
Məlumata görə, Məhəllənin rezidenti - "Elberg" MMC ilk dəfə Özbəkistana metal konstruksiya və tikinti materialları avadanlıqları ixrac edəcək. Müqaviləyə əsasən şirkət Özbəkistana 1,5 milyon ABŞ dolları dəyərində məhsul göndərəcək. Bu, Hacıqabul Sənaye Məhəlləsindən həyata keçiriləcək ilk ixracdır. Bundan başqa, şirkət Gürcüstan və Mərkəzi Asiya ölkələrinə də ixracla bağlı danışıqlar aparır.
"Elberg" Hacıqabul Sənaye Məhəlləsində Türkiyə, Yaponiya və Finlandiya texnologiyalarından istifadə etməklə metal konstruksiya və tikinti materialları avadanlıqları istehsal edir. Müəssisəyə indiyə qədər 3,5 milyon manat investisiya yatırılıb və 40-dan çox iş yeri yaradılıb.